Bu gün Lüksemburqda Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Bu barədə Aİ-nin rəsmi internet saytında dərc edilmiş press-relizdə bildirilib. Qeyd olunub ki, ittifaqın Ali nümayəndəsi Cozep Borrellin də iştirak edəcəyi görüşdə digər məsələlərlə yanaşı Gürcüstanla bağlı müzakirələr aparılacaq. Bundan başqa, Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə qeyri-rəsmi fikir mübadiləsindən sonra XİN başçıları Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcəklər. İclasda həmçinin Yaxın Şərqdəki vəziyyətə nəzər salınacaq.
Politoloq Fərhad Məmmədov “Sherg.az”a söyləyib ki, yaxın iki həftə ərzində Gürcüstanda həlledici parlament seçkiləri baş tutacaq:
“Böyük ehtimalla Avropa İttifaqı sözügedən seçkilərin keçirilməsi ilə bağlı öz vahid mövqeyini formalaşdıracaq. Çünki bu Avropa üçün bu çox vacib məsələdir. Onlar fərqli ssenarilər üzrə mövqelərini icra edəcəklər. Yəni hazırki hakimiyyət qalib gəlsə və yaxud seçkilər saxtalaşdırılsa, mövqelərinin necə olacağı müzakirə ediləcək. Bu kimi bütün məsələlərin kordinasiyalı həyata keçirilməsi üçün məsləhətləşmələr aparılacaq”.