Tramp seçkiləri qazansa, Ermənistanın vəziyyəti ağırlaşacaq -AÇIQLAMA

Kamala Harris qalib gəlsə, onda ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı daha da dərinləşdirə bilər

  “ABŞ-də baş tutacaq prezident seçkilərində Donald Tramp qalib gələrsə, Vaşinqtonun Cənubi Qafqaz marağı azala bilər”. Bunu ABŞ-də keçirilən “Ermənistanın yeni balansı: “Rusiya, Qərb və Cənubi Qafqazın gələcəyi” adlı tədbirdə “APRI Ermənistan” Analitik Mərkəzinin strategiya və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Anahit Filipposyan deyib.
O, Trampın prezident seçiləcəyi halda Ermənistanla ABŞ arasında münasibətlərin azalacağına dair erməni ictimaiyyətində narahatlığın olduğunu bildirib. Flipposyan bunun doğru olmadığını, lakin Vaşinqtonun ümumilikdə regiona yanaşmasının dəyişə biləcəyini qeyd edib: “ABŞ-nin regional kontekstdə Ermənistana münasibətinin necə olacağı Trampın yanında kimlərin yer alacağına bağlıdır. Vaşinqtonun İrəvana marağının azalacağını düşünmürəm. Lakin ümumilikdə Cənubi Qafqaza yanaşma dəyişə bilər. Hazırda Ağ Ev Çinin regiona artan marağını müşahidə edir. Çünki Pekin Vaşinqton üçün rəqibdir”. Qeyd edək ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. ABŞ-dəki erməni diasporunun nümayəndələri hesab edirlər ki, Donald Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. 

  Milli Cəbhə Partiyasının sədr müavi, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki, Donald Trampın ABŞ-nin növbəti prezidenti olub-olmayacağı dəqiq  deyil:

"Hazırkı situasiyada Demokratlar Partiyasının namizədi Kamala Harrisin şansı daha böyük  görünür. Formalaşmaqda olan yeni dünya düzənində də Tramp kimi narsist siyasətçinin yenidən prezident seçilməsinə Amerikanın dərin dövləti icazə verməyəcək. Bir sözlə, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsi dünya düzəninə əsaslı təsir edəcək. Əgər Donald Tramp qalib gələrsə, bu zaman ABŞ-nin xarici siyasətində bəzi dəyişikliklərin olmasını qaçılmaz edəcək. O, Amerikanın beynəlxalq konnekturadakı mövqeyini zəiflədəcək və daha çox iqtisadi məsələlərə diqqət ayıracaq. Donald Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verən siyasətçidir”.

  M.Əsədullazadənin sözlərinə görə, Donald Trampın prezident seçilməsi təkcə Ermənistana yox, Avropaya, NATO-ya olan diqqətin də azalmasına səbəb olacaq. Amerika üçün Cənubi Qafqaz siyasəti arxa plana keçəcək:
 “ABŞ-dəki erməni diasporunun rəhbərlərinə qarşı Trampın münasibəti ziddiyyətli olduğu üçün noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp Vaşinqtonun Ermənistana dəstəyini birmənalı  dayandıracaq. Əgər demokratların namizədi Kamala Harris qalib gəlsə, onda ABŞ indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı daha da dərinləşdirə bilər”.