İranın xəbardarlığı ABŞ və İsrailin digər Qərb müttəfiqlərinə qarşıdır -ŞƏRH

İran cavab zərbəsi endirəcəyi təqdirdə, İsrailə “həlledici” qarşılıq verəcəyi ilə bağlı BMT-ni xəbərdar edib. İranın xarici işlər naziri Abbas Araqçı BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı bildirib ki, İsrail İranın raket zərbələrinə qarşılıq verərsə, Tehran “həlledici və peşimanlıq verən” zərbə ilə cavab verməyə tam hazırdır. O bildirib ki, İran regionun sülh və sabitliyinin qorunması üçün bütün səylərini əsirgəməməklə yanaşı, istənilən avantürizmə qarşı həlledici və peşimanlıq doğuran cavab verməyə tam hazırdır. Qeyd edək ki, İran oktyabrın 1-də HAMAS lideri İsmayıl Haniyənin və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atıb.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, İsrailin İrana zərbə endirməsi ilə bağlı məsələ uzun müddətdir müzakirə olunur: 

“Çox güman ki, yaxın zamanlarda İsrailin İrana zərbələrinin şahidi olacayıq. Artıq bununla bağlı hazırlıqların yekunlaşmasıyla əlaqədar məlumatlar var. Eyni zamanda Baş nazir Benyamin Netanyahu tərəfindən hücum planı təsdiqlənib. Amerika Birləşmiş Ştatlarının İsraildən istəyi isə qiymətlərinin pozulmaması üçün İranın neft-qaz mənbələrinin vurulmamasıdır. Digər tərəfdən İsrailin İranın nüvə obyektlərinə tezliklə hücum edəcəyinə inanmıram. Çünki bu regional fəlakətə səbəb ola bilər ki, buna da Qərb və İsrail getməyəcək. İsrailin sözügüdən hücumları Qərblə razılaşdırılmış formada həyata keçiriləcək. Böyük ehtimalla həmin zərbələr hərbi təyinatlı obyektlərə vurulacaq. Əsasən də SEPAH-ın qüvvələrinə qarşı baş tutacaq. Digər tərəfdən isə İranın Birləşmiş Millətlər Təşkilatına xəbardarlığı normal haldı. Yəni İran İsrail tərəfindən ona qarşı hücumu gözləyir, ona görə də beynəlxalq birliyi adekvat cavab verməsi ilə bağlı məlumatlandırır. İranın ən çox ehtiyat etdiyi məsələ məhz özünə qarşı Qərbin həmin hücumdan sonra münasibət göstərməsidir. İranın xəbardarlığı ABŞ və İsrailin digər Qərb müttəfiqlərinə qarşıdır”.