Şoltsun Putinə zəngi onu göstərir ki... -Analiz

Almaniya kansleri Olaf Şolts təxminən iki illik fasilədən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Heberştrayt deyib. O,  ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiyanın Ukrayna ilə danışıqlara hazır olmasında israr edib.  Şolts həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyətini açıqlayıb. O, Putini münaqişəni dayandırmağa və qoşunları geri çəkməyə çağırıb. Heberştrayt əlavə edib ki, kansler Putinlə söhbətindən öncə Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Hərbi ekspert Emil Həsənli “Sherg.az”a söyləyib ki, Donald Tramp Amerikada prezident seçildikdən sonra vəziyyət dəyişib:

“Donald Trampdan öncə də ABŞ Konqresi bir müddət Ukraynaya yardımə ləngitdi və 65 milyadr dollarlıq paketi uzun müzakilərdən sonra qəbul etdi. Yəni Ukraynaya dəstək lazimi səviyyədə olunmadı. İlkin dövrlərdə tanklar, toplar, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri verilmədi. Daha sonra isə Rusiya ərazilərinə hücum etmək qadağan olundu. Həmçinin uzun müddət F16 təyyarələri Ukraynaya verilmədi. Beləliklə Ukrayna əraziləri işğal olundu. Hətta  Rusiya ordusu Kiyevin yaxınlıqlarına qədər gəldi". 

Ekspert qeyd edib ki, hər iki tərəf savaş nəticəsində böyük itki verib:
"Müharibə səbəbindən Ukraynanın 10 milyondan çox vətəndaşı qaçqın halında dünyanın dörd bir tərəfinə dağıldı. İndi isə Almaniya kanslerinin zəngi onu göstərir ki, Qərb artıq müharibəni istəmir. Çünki Amerika başda olmaqla Qərb istədiklərinə nail oldu. İsveç və Finlandiyanı uzun müddətdən sonra NATO üzvü etdilər. Qara dənizdə Rusiyanı sıxışdırdılar. Eyni zamanda Qərb Rusiyanı nüfuzdan salmağa çalışdı. Onlar indi Rusiya ilə əlaqələri yaxşılaşdıraraq, ucuz qaz almaq istəyirlər. Zaman göstərdi ki, hisslərlə aparılan siyasət məğlubiyyətə aparır. Qərbin nağıllarına inanan Ukrayna indi çox çətin durumda qalıb və Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində olacaq. Ukrayna NATO və Avropa Birliyinə uzun müddət qəbul ola bilməyəcək”.