Zəlzələyə davamlı evlər... -Yanmış taxtadan tikilir

  Yanmış taxtalar tikinti sənayesi üçün inanılmaz  faydalıdır. Yanmış taxtalardan tikilən evlərin daha uzunömürlü, hətta yüz illərlə sabit qaldığı, zəlzələyə, yanğınlara da davamlı olduğu sübut edilib. Yanmış taxtaların təbiətə meydan oxuyacaq qədər gücü nədən qaynaqlanır?  
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, tikintidə yanmış taxtalardan istifadə taktikası 1603-cü ildə Yaponiyada kəşf edilib, üzərindən təxminən 300 il keçdikdən sonra İstanbul zəlzələsində bunun izlərinə rast gəlinib. İstanbul ən böyük yanğınların məngənəsində olan, taxta evlərdən ibarət məhəllələrini alovların dəqiqələr içində bürüdüyü bir şəhər olub. Osmanlı dövründə yayılmış taxta konstruksiyalar çox tez yandığından şəhərin məşhur yanğınlarına tab gətirə bilməyib. Üstəlik, həşərat və göbələk populyasiyasının çox olduğu və iqlim şəraitinin bu canlıların böyüməsi üçün əlverişli olması şəhərin tikinti fonduna mənfi təsir göstərib.  Lakin digər tikinti materiallarına nisbətən daha tez xarab olan taxta konstruksiyalar, doğru texnikadan istifadə edildikdə, uzunömürlü ola bilir. İstanbulun ən qədim taxta evi olan Amcazade Hüseyin Paşa Köşkü 17-ci əsrdən günümüzə qədər ayaqda durmaqdadır. Yanğın zamanı qısa müddətdə külə çevrilən taxta konstruksiyaların “təsadüfi” kəşfi yaponları tikinti texnikası baxımından birinci sıraya çıxarıb. Odun yandırıldıqda yanğına, həşəratlara və göbələklərə qarşı daha davamlı olur. Yaponların inşaat sirri və bu yanmış qara lövhələrlə edilən konstruksiyalar, Orta Doğu Texniki Universiteti İnşaat Mühəndisliyi müəllimi professor Ahmet Türer kəşfin əsasını izah edib. Professor qeyd edib ki, əsrlərlə davam edəcək odun yandırma texnikası ilə inşa edilən tikililərin tarixi 1603-cü ilə gedib çıxır. Yaponiyada bu texnika ilə hazırlanmış və 400 il dayanan Yakisugi adlı bir quruluş da buna işarə edir. Saga Toriimoto bölgəsindəki köhnə binalar illərə meydan oxuyur. Demək olar ki, hər il böyük zəlzələlərlə sarsılan Yaponiyada onların heç biri dağılmayıb. İlk günkü kimi gözəl görünən lövhələrə həşəratlar yerləşməyib, göbələk və kif müşahidə olunmur, həşəratların yeyib dağıda bilmədiyi evin zəmini, divarları zərər görmür.  Bunun ən başlıca səbəbi tikililərin yanmış taxta ilə örtülməsidir. Hər 15 ildən bir isə təmir işləri aparılarsa, evin ömrü daha çox uzanacaq. Professor Ahmet Türer bildirib ki, bu cür üsullar “evristik” adlanır: “Azca yanmış odunların uzun müddət xarab olmadan meşədə qaldığını görən ağıllı müşahidəçi bundan istifadə edərək odunu xarici şəraitə daha davamlı edib. Bu üsulda ağacın səthində karbon təbəqəsi əldə etmək üçün dərin yanma aparılır. Bu gün Yaponiyada ənənəvi evlər üçün istifadə edilən üsula müasir binaların üzlənməsi üçün də üstünlük verilir. Sugi, yapon sidr ağacıdır, tikintidə həm ondan, başqa ağaclardan yandırılma üsulu ilə istifadə edilir. Təyin edilmiş yanma vaxtı bitdikdə yanğın su ilə dayandırılır. Yaponiyada bəzi ənənəvi bina tiplərində taxtanın çöldəki hissələri idarə olunacaq şəkildə yandırılır və bu hissələr xarici görünüşə təsir edən amillərə qarşı daha möhkəm olur. Əslində taxta material artıq xarici şəraitə qarşı müəyyən müqavimətə malik hal alır”, söyləyib. Professor qeyd edib ki, yanmış taxta həşəratlara yuva olmaq təhlükəsi daşımır deyə, onlar tərəfindən “yeyilmir”, nəticədə çürümə prosesi baş vermir, yanğında yanmaya məruz qalmır, üstəlik zəlzələyə də davamlıdır. Xarici səthlərdə istifadə olunacaq ağacların xarici amillərə davamlı olması vacibdir. Bu ağaclar su, yağış, həşərat və göbələk kimi faktorlara məruz qalmır deyə, daha uzunömürlü olurlar. Yakisugi üsulu ilə hazırlanmış yanmış ağacdan ev tikmək bir çox digər tikinti materiallarından istifadə etməkdən daha sərfəlidir. İstehsal prosesində demək olar ki, karbon qazı buraxmayan Yakisugi müasir üsullardan daha ucuz və uzunömürlüdür. 100 kvadratmetrlik yakisugi evinə sahib olmaq üçün 167 min lirəyə sahib olmaq kifayətdir. Taxta evlərin daş, beton, kərpic evlərə nisbətən daha davamlı olması sübuta yetirilib. Termo ağaclardan tikintilərdə indi geniş istifadə edilir. Xarici görünüşcə “yanmış ev” hər kəs tərəfindən bəyənilməyə bilər, amma dözümlülüyü və davamlılığına şübhə la bilməz. Vizual görüntünü isə dəyişmək mümkündür.