Ermənistan İstintaq komitəsində xaos yaşanır

Ermənistanda hansısa bir qurumdakı narazılıq Paşinyanın gücünü zəiflədə bilməz


  Ermənistan İstintaq Komitəsinin bir neçə yüksəkvəzifəli əməkdaşı gələcək rəhbərin adı məlum olandan sonra istefa ərizəsi yazıb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Argişti Kərəmyanın işdən çıxarılmasından sonra İstintaq Komitəsi özünə gələ bilmir:
“İstintaq Komitəsinin Hüquq şöbəsinin rəhbəri Artur Vardanyan da bəyanat yayıb və bildirib ki, Kərəmyan gedəndən sonra idarədə işləməyi təsəvvür belə edə bilməz. Paşinyan yeni rəhbərin Baş prokurorun müavini Artur Poqosyan olacağını bəyan etdikdən sonra İstintaq Komitəsində əsl xaos başlayıb. Çünki bir çox işçi prokurorluqdan İstintaq Komitəsinə keçib. Onların bəziləri Poqosyanın Komitəyə rəhbərlik edəcəyini biləndən sonra ərizə yazıblar. Onların arasında bir il əvvəl prokurorluqdan gələn İqtisadi cinayətlər və qaçaqmalçılıq idarəsinin rəisi Arsen Simonyan da var. Məhz Poqosyanla münaqişə zəminində o, İstintaq Komitəsinə gedib və onun tezliklə Komitəyə rəhbər təyin olunmasından xəbər tutaraq, ərizə yazıb. Simonyan həm də avqustun əvvəlində hakimlikdən təqaüdə çıxan Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın qardaşıdır. 
 
 Politoloq Abutalıb Səmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fəaliyyətindən narazı qaldığı komanda üzvlərinə istefa ərizəsi yazmalarını özü təklif edib: 
“Onlar da bu təklifi qəbul elədilər və bir sıra mühüm postu tutan şəxslər vəzifələrindən istefa verdilər.  Lakin Paşinyan bunu onların fəaliyyətindən narazı qalması ilə əlaqələndirmədi, sistem dəyişiklikləri kimi qələmə verdi. Lakin sistem dəyişikliklərinə həmin kadrlarla da getmək mümkün idi. Halbuki Paşinyan feysbuk vasitəsilə xalqa etdiyi müraciətdə bir sıra vəzifəli şəxslərin, xüsusən də güc strukturları və hüquq-mühafizə sahələrində rəhbər vəzifələri tutan şəxslərin fəaliyyətindən narazı olduğunu açıq şəkildə dilə gətirmişdi. Cəmiyyətdə nüfuzu aşağı düşdüyü üçün  Ermənistanın baş naziri komandasını dəyişərək seçkilərə  getməyi planlaşdırır. Xoşbəxtliyi ondadır ki, Ermənistandakı digər siyasətçilərin nüfuzu ondan da aşağıdır və hələ ki, ciddi bir rəqibi yoxdur. Lakin bu rəqibin sabah ortaya çıxmayacağını bilmək olmaz”. 
 
 Politoloqun sözlərinə görə, Nikol Paşinyan  komanda üzvlərinin fəaliyyətindən narazı olsa da, onlarla dost kimi ayrılmağa üstünlük verdi. Bu da bir siyasətçi üçün son dərəcə düzgün davranışdır. Siyasətçi özünə düşmən yetişdirməməlidir, elə ayrılmalıdır ki, daha sonra onun əleyhinə  aktiv fəaliyyətə başlamasınlar:  
“Ermənistan İstintaq Komitəsində yaşanan gərginliyə gəldikdə isə onu deyim ki, Paşinyan dövləti möhkəm və qərarlı şəkildə idarə edir, arxasında güclü xarici qüvvələr dayanır. Odur ki, hansısa bir qurumdakı narazılıq Paşinyanın gücünü zəiflədə bilməz. Atdığı addımları qərarlı şəkildə atması Paşinyanın ən böyük üstünlüyüdür.  Yeni komanda ilə seçkilərə hazırlaşan Paşinyanın qələbə şansını da yüksək proqnozlaşdırıram. Hesab edirəm ki, Paşinyan növbəti dəfə baş nazir seçildikdən sonra planladığı addımları atacaq. Bunların içərisində də Azərbaycanla sülh sazişinin imzalanmasına xidmət edən addımlar olacaq. Yeri gəlmişkən, Daxili işlər nazirinin istefaya göndərilməsi və daha etibarlı şəxsin həmin vəzifəyə təyin edilməsi gələcəkdə imzalanacaq  sülh sazişinə qarşı müxalif qüvvələrin qarşı çıxması ilə də əlaqədar ola bilər. Paşinyana elə bir kadr lazımdır ki, ölkədəki  sülh əleyhinə olan qüvvələr ayaqlandıqda DİN və polis  nəfərləri bu məsələdə dövlətçilik mövqeyində dayansınlar və etirazlar qarşısında geri çəkilməsinlər, aksiyanı dayandırmaq üçün də zəruri addımları atsınlar”.