Azərbaycan üçün önəmli olan Gürcüstanda sabitliyin bərqərar olmasıdır, Bakı qonşu ölkədə xaosun davamını istəmir
Gürcüstanda hökumətin istefasını, yeni seçkilərin keçirilməsini və ölkənin Avropa inteqrasiyasına sadiqliyinin təsdiqlənməsini tələb edən etirazlar davam edir. Noyabrın 28-dən başlayan nümayişlər bir çox şəhərə yayılaraq geniş yayılmış narazılığı əks etdirir. Siyasi dəyişiklik tələbləri gücləndikcə yeni etirazların və qarşıdurmaların baş verməsi gözlənilir.
Avropa İttifaqı, Baltikyanı ölkələr və ABŞ etirazçılara dəstək ifadə edərək Gürcüstanda demokratik hüquq və azadlıqların qorunmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Gürcüstan hökuməti ölkədə fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək imkanını nəzərdən keçirir.
Bu barədə müxalif “Atavari Arx” telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, hakim "Gürcü Arzusu" Partiyası dekabrın 29-da Mixail Kavelaşvilini Gürcüstanın yeni prezidentini təyin etməyi planlaşdırır. Bundan sonra partiya fövqəladə vəziyyətin tərkib hissəsi kimi komendant saatı tətbiq etmək niyyətindədir.
Şübhəsiz ki, Gürcüstünda baş verən etirazlar elə seçkiöncəsi proseslərdən görünürdü. Əslində, gərginlik “Xarici agentlər haqqında” qanunun qəbulundan başladı və bu qanunun qəbul olmasına Qərb ölkələrindən etirazlar gəldi. Qərbin marağı Gürcüstana təsir edəcək imkanların əlindən çıxmamasıdır. Çünki Gürcüstan Qərbin Orta Asiya və Azərbaycanla bağlı planlarının, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün mərkəz kimi çıxış edirdi. Gürücstan kimi ölkələrdə təsirini saxlamaq üçün Qərb qeyri-hökumət təşkilatlarını, fondları və medianı maliyyələşdirməklə “paralel hökumət” formalaşdıra bilir. Qanunun qəbulu ilə bütün bunların qarşısı alındı.
Eyni zamanda Gürcüstanın yerləşdiyi mövqe də çox önəmlidir. Quru yol və Qara Dəniz vasitəsilə Çinin, Orta Asiya ölkələrinin və Azərbaycanın Avropaya çıxış qapısıdır. Bütün bunları nəzərə alanda Qərbin belə bir planları olacağı bəlli idi. Sadəcə olaraq Baş nazir İrakli Koxabidzenin “Gürücüstan Avropa İttifaqına üzvlüyü müzakirələrini 2028-ci ilə qədər dondurur” açıqlaması Qərbin təxribatına düşmək idi və bu, müxalif partiyalarına fürsət verdi ki, etirazlara başlasınlar.
"Atlas" Araşdırmalar Fondunun rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az"a açıqlamasında deyib ki, indiki proseslər fonunda Gürcüstanda iki yol var:
“Etiraz aksiyaları getdikcə güclənəcək, müxalifət tərəfdarları artacaq və hökumət daxilində parçalanmalar olacaq. Bu zaman da hakim partiya güzəştə getməyə və yeni parlament seçkiləri təyin etməyə məcbur qalacaq. Proseslər bu istiqamətdə irəliləsə, “Gürcü Arzusu” Partiyasının məğlubiyyəti də qaçılmaz olacaq. İkinci variant isə tam əksinə, hakimiyyət etiraz aksiyalarını boğaraq nəzarəti ələ alacaq. Qeyd edim ki, hələlik baş verənlər bu istiqamətdə irəliləyir. Gürcüstan hökuməti yaxşı bilir ki, müxalifətin tələblərini yerinə yetirsə, hakimiyyəti itirəcəklər”.
Üç gündən sonra Gürcüstanda yeni qarşıdurmanın yaranacağını vurğulayan politoloq 14 dekabra planlaşdırılan prezident seçkilərini xatırladıb:
“Hazırkı Prezident Salome Zurabişvilinin kürsünü tərk etmək niyyətində olmadığını açıq şəkildə bəyan edib. Bütün bunlar da sekçi prosesinin qarşıdurmasız ötüşməyəcəyini göstərir. Sözsüz ki, biz qonşu dövlət olaraq Gürcüstanda sabitlik və təhlükəsizlikdə maraqlıyıq. Azərbaycan Qərb ölkələrindən fərqli olaraq Gürcüstanın daxili işlərinə qarışmamaqla, hakimiyyətlə müxalifət arasındakı mübarizədə tərəf tutmamaqla doğru strategiya aparır. Azərbaycan üçün önəmli olan Gürcüstanda sabitliyin bərqərar olmasıdır, Bakı qonşu ölkədə xaosun davamını istəmir. Xüsusən də, Gürcüstanda yaşayan yüzminlərlə azərbaycanlının təhlükəsizliyi də bizim üçün vacibdir. Gürcüstandakı xaosdan Qərbdəki qüvvələr öz məqsədləri üçün istifadə edirlər ki, bu, Cənubi Qafqaz üçün arzuolunmaz haldır.
Ümumiyyətlə, Gürcüstanda mübarizə aparan qüvvələr arasındakı prosesə qarışmaq düzgün deyil. Bu mübarizədə kimin üstünlük qazanacağı bəlli deyil. Azərbaycan Gürcüstanda istənilən hakimiyyətlə strateji tərəfdaşlığı davam etdirəcək. Gürcüstan Rusiya ilə yaxınlığı və ya Avropa İttifaqına inteqrasiyanı seçəcəksə, bu onun daxili işidir”.
E.Şahinoğlunun fikrincə, prezident seçkilərində hakim partiyanın dəstəklədiyi şəxs prezident seçilsə belə, ölkədə siyasi gərginik davam edəcək. Politoloq əlavə edib ki, hökumət etirazları polis gücünə yatırtsa belə, bu hələ ölkədə sabitliyin bərqərar olması demək deyil:
“Faktiki olaraq Gürcüstan cəmiyyəti iki hissəyə parçalanıb. Gənclər Avropaya inteqrasiyanı, nisbətən orta və yaşlı nəsil isə indiki hökumətin Rusiya ilə münasibətləri bərpa etmək cəhdlərini dəstəkləyir. Zənnimcə, zaman-zaman bu parçalanmanın təsirləri özünü büruzə verəcək.
İndiki halda fövqəladə vəziyyət müvəqqəti də olsa, “Gürcü Arzusu” hökumətini qorumağa imkan versə də, mübarizə davam edəcək. İnsanlar küçələrə axın etməsə belə, ölkədəki fikir ayrılığı, ixtilaflar davam edəcək”.