İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.
APA xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.
Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
“La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri ilə birgə ekskursiyada olub və o 150 metr hündürlükdən yıxılıb. Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.
Qeyd edək ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.
Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. "Mango"nun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.