Baş nazir: Ukraynadakı ssenarinin Gürcüstanda baş verməməsi üçün hər şeyi etdik

Biz Ukraynada həyata keçirilən ssenarinin Gürcüstanda baş verməməsi üçün hər şeyi etdik.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Hər şey 2013-cü ildə "Maydan"la başladı. "Maydan" bitdikdən bir neçə gün sonra birinci, daha sonra ikinci müharibə başladı və dost ölkə olan Ukrayna məhv edildi. Ukraynanın əhalisinin dörddə biri ölkəni tərk edib və ya məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə ukraynalı həlak olub. Bütün bunları Ukrayna cəmiyyətinin o vaxt lazımınca ehtiyatlı davranmaması gətirib. Gürcüstan cəmiyyəti daha təcrübəlidir və buna görə də gürcü cəmiyyətinin dəstəyi ilə biz Gürcüstan üçün mühüm təhlükələrdən qaça bildik və ilk növbədə ölkəmiz üçün müharibədən qaça bildik”, - İrakli Kobaxidze bildirib.