Fransanın Afrikadan çıxması Paris və Aİ üçün ağır nəticələrə səbəb olacaq

Fransanın Afrika qitəsindən sıxışdırılması və Rusiya ilə Çinin burada nüfuz qazanması Avropa ölkələri üçün ciddi nəticələrə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu fikir "Le Point" jurnalında dərc olunmuş məqaləsdə yer alıb.

Məqalədə qeyd edilir ki, Fransanın regiondan çəkilməsi, o cümlədən BMT daxilində onu müttəfiqlərdən və tərəfdaşlardan, mühüm təsir mənbəyindən məhrum edir və Parisin zəifləməsini simvollaşdırır. Jurnalın fikrincə, bu uğursuzluq Fransanın xarici siyasətdəki səhvləri və təsir vasitələrini itirməsi ilə izah olunur.

"Le Point" əlavə edir ki, fransız diplomatiyası Afrikadakı mühüm dəyişikliklərə - qloballaşmanın artması, orta sinfin yaranması və gənclər arasında suverenlik arzusunun güclənməsi kimi proseslərə adekvat reaksiya verməyib. Bundan başqa, Fransa Rusiyanın hərbi, Çinin isə iqtisadi gücünü lazımi səviyyədə qiymətləndirməyib.

Məqalədə vurğulanır ki, Fransanın regiondakı təsirinin zəifləməsi həm də fransız şirkətlərinin və sərmayələrinin Afrika ölkələrindən kütləvi şəkildə çıxması, dil və mədəni əlaqələrin pozulması fonunda baş verib. Bu, Fransanın diplomatik ambisiyaları ilə hərbi mövcudluğu arasında uçurum yaradıb.

Respublika Prezidenti Emmanuel Makronun fəaliyyətinə toxunan "Le Point" onun Fransa ilə Afrika arasında 70 illik imtiyazlı əlaqələrin mirasını 7 il ərzində məhv etdiyini qeyd edir.

Xatırladaq ki, noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarını açıqlayıb. "Le Monde" qəzetinin yazdığına görə, bu addım Fransanın keçmiş müstəmləkəsindəki hərbi mövcudluğuna "açıq təhqir" kimi qiymətləndirilir. Seneqal Prezidenti Bassiru Diomay Fay da Fransa mətbuatına verdiyi müsahibədə ölkəsinin fransız qoşunlarının ərazidən çıxarılmasına nail olmaq istədiyini bildirib.