Fransa, Almaniya və Polşa AB-nin qərarından sonra diplomatik və xidməti pasportlara malik Gürcüstan rəsmilərinin öz ərazilərinə vizasız girişinə qadağa qoymaq niyyətindədirlər.
Belə bir bəyanatla adıçəkilən ölkələrin xarici işlər nazirlikləri çıxış ediblər.
Qeyd edək ki, Almaniya, Fransa və Polşa (“Veymar üçbucağı ölkələri”) həm AB, həm də fərdi səviyyədə Gürcüstan rəsmilərinə qarşı digər sanksiyalar tətbiq etmək istəyirlər.
Xatırladaq ki, ötən il noyabrın 30-da Dövlət Departamenti ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Bu, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək qərarından sonra baş verib.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, qeyd olunan ölkələrin bənzər formada, hətta bundan sonra daha sərt sanksiyalar tətbiq edəcəyi gözləniləndir:
"Qərb, xüsusən də Fransa, Almaniya və Polşa Gürcüstandakı son hadisələri qəbullana bilmirlər. Çünki keçirilən seçkilərdə hakim partiya qalib gəldi, gürcü xalqı öz iradəsini göstərdi. Qərbin artıq buna əks mövqe sərgiləməsi bir qədər doğru deyil. Rusiya və digər ölkələri seçki nəticələrinə müdaxilə etməkdə günahlandırır, əksinə isə bunu özü edir. Eyni zamanda AB-nin sanksiyaları Gürcüstan üçün müəyyən çətinliklər yaratsa da, geri addım atmağa məcbur edə bilməyəcək. Hər halda bu ölkəni ram etmək mümkün görünmür. Gürcüstan bu günə qədər yanlış siyasət yürüdürdü. Söhbət birmənalı olaraq Qərbə inteqrasiya prosesindən gedir. Bunun nəticəsində Qərb agentura şəbəkəsinin və təsir qruplarının rahatlıqla hərəkət etdiyi və oyuncaq ölkəyə çevrilmişdi. Artıq idarəedici qüvvələr məsələyə əl atıblar. Gürcüstan Qərbə inteqrasiyanı tam dayandırmayıb. Çünki verilən qərar 2028-ci ilə qədər şamil edilib. Qərb isə bundan öz maraqları çərçivəsində istifadə etməyə çalışır. Bu, ikiüzlü siyasətdir. Məhz Qərbə güvənməyin nə qədər yanlış olduğunu göstərir".
Politoloqun fikrincə, Gürcüstan gec də olsa, Azərbaycan kimi balans siyasəti yeritməyə çalışır:
"Cənubi Qafqazda bunu həyata keçirmək çox çətindir. Hazırkı dünya siyasətində bir yox, neytrallığı saxlayaraq bütün qütblər üzərində hərəkət etmək daha məqsədəuyğundur. Gürcüstanın indi bu istiqamətdə bir yol çəkməsi çətin və ağrılı proses olsa da, sonralar vahid siyasi sistemə dönəcək. Qərbin sanksiyalarının Gürcüstana iqtisadi fəsadları ola bilər. Amma xarici siyasətini effektivləşdirir və manevr imkanlar yaradır. Eyni zamanda AB bunu uzun müddət etməyəcək. Çünki Gürcüstanı itirməyi gözə ala bilməz. Ona görə də bir müddət sonra əvvəlki səviyyədə olmasa da, bu proseslərin səngiyəcəyini və əməkdaşlığın yenidən başlayacağını demək olar. Digər tərəfdən Gürcüstanın Qərblə bir problemi yoxdur. AB ölkələrinin Gürcüstan daxilindəki bəslədiyi təsir gücləri, hakimiyyətə müdaxilə imkanlarının bu dövləti narahat etməsi təbiidir. Bu gün Gürcüstanda xaricdən maliyyələşən QHT-lər, İnsan haqları təşkilatları və siyasi partiyalar mövcuddur. Belə bir ifadə var ki, pul almağa alışan buyruq almağa da alışacaq. Yəni xaricdən təlimat alan təşkilatlar varkən, hansı siyasətdən danışa bilərik? Hazırda isə Gürcüstanda artıq bir vəhdət formalaşır. Bu isə ölkənin xarici siyasəti üçün önəmli idi".