Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtinası müqabilində NATO-ya üzv olmaq ssenarisini nəzərdən keçirə bilər. Lakin ölkəmiz bununla yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə razılaşa biləcək. Bunu Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib. Zelenski həmçinin əlavə edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da Rusiya enerjisinin bazara daxil olmasının qarşısını almaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olacaq. O, bunun ilk növbədə Vaşinqton üçün faydalı olacağını vurğulayıb.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərdən imtinası müqabilində NATO-ya üzv olmaq ssenarisi bir müddətdir gündəmdədir:
“Hətta ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qalib gəldikdən sonra ilk dəfə mətbuat konfransında bu məsləyə toxunmuşdu. Tramp yalnız Rusiya və Ukrayna prezidentləri ilə görüşdən sonra bu suala cavab verə biləcəyini açıqlamışdı. Bununla belə o, “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” deyib. Rusiya-Ukrayna müharibəsi kifayət qədər uzanır və yorucu hal almağa başlayıb. Xüsusilə Aİ daxilində müharibənin gələcəyinə dair ciddi fikir ayrılıqları var. Lakin populyar yanaşma Trampın müharibəni sonlandırması, ya da bu istiqamətdə nə isə etməsidir. Bununla belə, onun hələlik konkret nə edəcəyi bəlli deyil. İstisna deyil ki, Tramp ilk vaxtlar təmkinli olacaq. ABŞ və Qərbin Rusiya ilə dialoqu kəsməsi yanlış qərar idi. Bu həm Rusiyanın əl-qolunu açdı, həm də Moskvanı daha da aqressiv etdi. Trampın bu yanlışı düzəldib dialoqa başlaması ümidi artıra bilər. Bununla belə Rusiya-Ukrayna müharibəsi həlli çox çətin bir münaqişə halına gəlib”.
Ekspert qeyd edib ki, tərəfləri uzlaşdırmaq çox çətindir:
“Rusiya faktiki olaraq Ukrayna torpaqlarının 20 faizindən çoxunu işğal edib. Bu ərazilərin bəzilərini qaytara bilər, lakin Krımın qaytarılması istisnadır. Bundan başqa Moskvanın başqa tələbləri də var. Donbas, Luqanska yüksək muxtariyyətin verilməsi, hətta ilhaqı da gündəmdədir. Yəni Kremlin tələbi ərazi güzəşti hesabına sülhdür. Ukrayna isə çətin ki, bunu qəbul etsin. Təbii ki, Vaşinqton Kiyevi dəstəyi kəsməklə hədələsə, bu, Ukraynanın fikrini müəyyən mənada dəyişə bilər, lakin Vaşinqtonun bu variantla razı olması sual altındadır. Hərçənd Trampın “Rusiyanın nəzarətində olan ərazilərdə bir dənə də olsun, bina yoxdur. İnsanlar ora qayıtmayacaq” sözləri də ərazi güzəşti variantının ağlında olduğu düşüncəsi yaradır”.