Xızıda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Xızı rayonu, Zəngəzur küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs İlyasova Mehparə Ağahüseyn qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Qurumdan Sherg.az-a verilən məlumata görə, yoxlanış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, xammal və inqrediyentlərin saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb.

Bundan əlavə, satışa çıxarılan çörəklərin qablaşdırılmadığı və markalanmadığı, un kisələrinin üzərində Azərbaycan dilində etiket məlumatlarının olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına riayət etmədiyi müəyyən edilib.

Qeyd edək ki, aşkar edilən nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati qaydada cərimələnib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.