Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib ki, Suriyada yeni dönəm başlayıb, artıq orada PKK/YPG terror təşkilatına yer yoxdur:
“Suriyada zülm dövrü qapandı. İndi Suriyanın ayağa qalxma vaxtıdır. Suriyada PKK-ya yer yoxdur. Suriyanı vətəndaş müharibəsinə cəlb etməyi hədəfləyən mexanizm işləyir. Bölgədə PKK/YPG-yə yer yoxdur. Suriyadakı sabitlik qırmızı xəttimizdir. Biz nə daxilimizdə, nə də xaricdə terror təşkilatı istəyirik. bölgədə terrorun tamamilə bitəcək, qardaşlıq möhkəmlənəcək, türk milləti rahat nəfəs alacaq. Milli birliyimizin bayrağı hamını öz kölgəsi altında toplayacaq".
Yıldız Texniki Universiteti (YTU) müəllimi, beynəlxalq strateq və siyasi şərhçi Prof. Dr. Cemal Zehir "Sherg.az"a bildirib ki, son zamanlarda Türkiyədə PKK terror təşkilatının silah buraxması ilə bağlı baş verən hadisələr ictimaiyyətin diqqətini çəkib:
"Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dr. Dövlət Baxçalı, təxminən üç ay əvvəl etdiyi çıxışında, PKK-nın silahlarını buraxmasını və təşkilat lideri Abdullah Öcalan tərəfindən təşkilatın tamamilə dağıdılmasını tələb etmişdi. Bu müddət ərzində bir sıra mühüm hadisələr baş verib. PKK-nı dəstəklədiyi bilinən Dem Partiyası rəhbərləri, həbsdə olan təşkilat lideri Abdullah Öcalan ilə görüşlər keçiriblər. Dövlət Baxçalı, bu görüşləri müsbət bir addım kimi qiymətləndirərək, əsas hədəfin terror təşkilatının silahlarını buraxması və tamamilə dağıdılması olduğunu vurğulayıb. Prosesin hələ davam etdiyi, PKK-nın bu istiqamətdə bir addım atmasının gözlənildiyi bildirilir".
Ekspert əlavə edib ki, Suriya və Şimali İraqdakı yeni reallıqlar fonunda, PKK-nın bu bölgələrdə fəaliyyətini davam etdirməsi artıq çətinləşib:
"Suriya Milli Ordusu Türkiyə tərəfindən yaradılmış və dəstəklənmiş bir qurumdur. Bu qurumun YPG ilə birgə hərəkət etməsi, Türk dövlətinin dəstəyi ilə bir araya gəlməsi, bu günlərdə Suriya Milli Ordusunun sıralarında YPG-nin silah buraxması və təşkilat daxilində yeni bir strukturun yaranmasını mümkün edir. Lakin PKK-nın vahid bir mərkəzdən idarə olunmaması bu prosesin nə qədər təsirli olacağını və kimlərin bu çağırışlara əməl edəcəyini qeyri-müəyyən edir. Buna baxmayaraq, müşahidələr göstərir ki, təşkilatın bir çox üzvü silah buraxmağa razı olacaq".
Cemal Zehir hesab edir ki, bu prosesdə diqqət çəkən ən mühüm məsələlərdən biri də beynəlxalq güclərin mövqeyidir:
"ABŞ və digər Qərb ölkələrinin PKK və YPG-nin silah buraxması üçün konkret addımlar atmadığı görülür. Əgər bu ölkələr bu məsələyə ciddi şəkildə müdaxilə etsəydilər, prosesin daha sürətlə irəliləməsi mümkündü. Hesab edirəm ki, Türk dövləti bu məsələyə dair öz mövqeyini açıq şəkildə bəlli edib. Biz terror qruplaşması üzvlərinə son bir şans veririk: "Silahları buraxın və təşkilatı dağıdın. Bu çağırışa uymayanlar ya silahlarını basdıracaq, ya da onlarla birlikdə torpağa basdırılacaq". Türkiyənin məqsədi, bölgədə sülh və əmin-amanlıq bərqərar etmək, beynəlxalq imperialist gücləri regiondan uzaqlaşdırmaq və PKK-nın bu qüvvələrin təsirindən çıxaraq silah buraxmasını təmin etməkdir. Bu coğrafiyada Türkiyədən başqa heç bir güc təsir göstərə bilməz və Türkiyəyə qarşı hər hansı bir tədbir həyata keçirə bilməz. Türkiyə, regionun ən qüdrətli və ən böyük dövləti olmaqla yanaşı, dünyanın super gücləri arasında öz yerini möhkəmləndirmiş bir dövlət olaraq ağırlığını ortaya qoyur".