Çindən Rusiyaya şok: Limanları bağladı

Çinin “Şandonq Port Qrup” liman operatoru ABŞ sanksiyaları altında olan Rusiyanın “kölgə donanmasının” tankerləri üçün limanlarını bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə neft treyderləri arasında öz mənbələrinə istinadən “Röyters” agentliyi məlumat yayıb.

“Şandonq Port Qrup” Çinin şərq sahillərində sanksiya tətbiq edilən neft üçün əsas idxal terminalları olan Qinqdao, Rizhao və Yantay daxil olmaqla, böyük limanlara nəzarət edir.

Xüsusilə Şandonq əyaləti Rusiya, Venesuela və İrandan neft idxalının əsas marşrutudur. Ötən il əyalət Çinə idxal edilən bütün neftin təxminən 17%-ni təşkil edib.

Treyderlər deyirlər ki, qadağa Rusiya neftinin Şandonqdakı müstəqil neftayırma zavodlarına daşınması xərclərini artıracaq. Lakin bu qadağa yalnız ABŞ sanksiyalarına məruz qalan “kölgə donanması” tankerlərinə şamil ediləcək. Təəssüf ki, bu donanmanın əksəriyyəti indiyədək sanksiyalardan yayınıb.