Fransanın tarixi boyu belə böyük dövlət borcu olmayıb. Bunu ölkənin Baş naziri Fransua Bayru deyib. O bildirib ki, borc Fransanın üstündən "Damokl qılıncı" kimi asılıb.
Qeyd edək ki, Fransanın dövlət borcu 3,3 trilyon avroya çatıb, bu da ÜDM-in 113,7%-ni təşkil edir.
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Qərb dövlətlərinin xarici borcu uzun illərdir yüksək sürətlə artır:
“Sadəcə olaraq Fransa, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya kimi ölkələrin borc kağızlarına investorların marağı da yüksəlməkdədir. Yəni onlar öz öhdəliklərini yerinə yetirdiklərinə görə Fransa borc kağızlarını bazara çıxarır və investorlar da həmin borc kağızlarını alırlar. Çünki borc kağızlarından gələn dividentlər banka qoyulan depozitlərdən daha çoxdur. Ona görə də bu hadisəni həddindən artıq böyük təhlükə kimi qiymətləndirmək doğru olmazdı. Amma tendensiyanın özü təhlükəlidir. Yəni Qərb ölkələri, xüsusilə də Fransa, Böyük Britaniya, ABŞ və Almaniyanın borc yükü bir müddətdən sonra idarəolunmaz hala gələ bilər. Bu isə dünya iqtisadiyatı və həmin ölkələrin gələcəyi üçün ciddi təhdid sayılır. Hətta proses Fransanın defolt olması ilə nəticələnə bilər. Lakin hazırda həmin ölkələrin borcu təhlükəli görünsə də, idarəolunan vəziyyətdədir”.