Avropa İttifaqı (Aİ), Macarıstan məhdudiyyətlərin uzadılmasına veto qoyacağı halda, Rusiyaya qarşı sanksiyaların tətbiqi məqsədilə Belçika kralını prosesə cəlb etmək imkanını nəzərdən keçirir.
Bakupost.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) məlumat yayıb.
Qəzetin yazdığına görə, daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban siyasi birlik liderlərinə Rusiyaya qarşı sanksiyaların uzadılmasını bloklaya biləcəyini bildirib. Bu da məhdudiyyətlərin 31 yanvar tarixində qüvvədən düşməsinə səbəb ola bilər.
FT qeyd edir ki, Avropa İttifaqı liderlərinin Macarıstan baş nazirini fikrindən daşındırmaq istəklərinə baxmayaraq, onlar bir sıra məhdudiyyətləri qoruyub saxlaya biləcək tədbirlər hazırlayırlar.
Söhbət Belçikanın Euroclear depozitarında olan 190 milyard avroluq Rusiya aktivlərinin bloklanması cəhdindən gedir, çünki əgər sanksiyalar ləğv olunarsa, "bu pullar ertəsi gün Rusiyaya qayıdacaq".
Aİ-nin fəaliyyət planlarından biri, Rusiyanın dondurulmuş maliyyə aktivlərinin bir Belçika şirkətində saxlanıldığını nəzərə alaraq, 1944-cü il hərbi fərmanından istifadə etməkdir. Bu fərman, hazırkı kral Filipə aktivlərin ölkədən çıxarılmasını bloklamağa imkan verir.
“Əgər Orban güzəştə getməzsə, yeganə həll milli həll olacaq” - deyə planda iştirak edən yüksək səviyyəli məmur bildirib.
Eyni zamanda, məqalədə qeyd edilir ki, Belçika əvvəllər Moskva ilə hüquqi döyüşlərdən qorxduğu üçün Rusiya aktivlərinə qarşı tədbirlər görməyə müqavimət göstərirdi. Belçika rəsmisi "FT"-yə bildirib ki, kral Filipin potensial qərarı Brüssel ilə Moskva arasında ikitərəfli müqaviləni poza bilər.