Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arasında şiddətli toqquşma riskləri artır. Bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib. O bildirib ki, dünyada münaqişələrin artması və geosiyasi rəqabətin güclənməsi fonunda böyük dövlətlər arasında, o cümlədən nüvə dövlətlərinin iştirakı ilə şiddətli toqquşma riskləri artır.
Sergey Şoyqunun bu bəyanatı beynəlxalq siyasətdə hazırkı gərgin vəziyyətin ciddiliyini vurğulayır. O, xüsusilə böyük dövlətlər arasındakı geosiyasi rəqabətin artmasını və bunun nüvə gücləri arasında potensial toqquşma risklərini yüksəltdiyini bildirir.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, nüvə məsələsi dünyada hər zaman aktual mövzu olub:
“Nüvə silahından istifadə edilməsi və nüvə toqquşması dünya İkinci Dünya müharibəsindən sonra dünya siyasətinin ən aktual mövzularından birinə çevrilib. Hazırda dünyada qlobal gərginlik artdıqca bu mövzu yenidən öz aktuallığına qayıdır. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun verdiyi açıqlamalar da buna işarədir. Nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Trampın ötən gün Rusiyanı təhdid və tənqid edən açıqlaması oldu. Belə ki, Ukraynadakı müharibənin dayandırılmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı xəbardarlıq etdi. Bütün bunların fonunda Sergey Şoyqunun nüvə silahı barəsində açıqlama verməsi rəsmi Moskvanın ABŞ-yə xəbərdarlıq etdiyini göstərir. Yəni Sergey Şoyqu söyləmək istəyir ki, Rusiyaya qarşı təzyiq siyasətindən istifadə olunarsa, onlar da nüvə silahından istifadə edəcəklər. Bu Rusiya rəhbərliyinin ümumi ritorikasıdır, zaman-zaman rəsmi Moskva Qərb ölkələrinə bu formada təhdid ünvanlayıb. Ukraynada nüvə silahından istifadə məsələsi Rusiya üçün hər zaman aktualdır. Lakin indiki halda hansısa dövlətin nüvə silahından istifafə etməsinə inanmıram. Çünki bu onsuz da gərgin beynəlxalq siyasi sisteminin dağılmasına səbəb ola biləcək amildir”.