Bu məsələnin gec-tez Türkiyə ilə ABŞ arasında yeni gərginlik yaradacağı qaçılmazdır
Trampın əsas məqsədi Yaxın Şərqdə “NATO” modelinə bənzər bir təhlükəsizlik sistemi yaratmaqdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidir:
"Üç ölkə PKK və İŞİD terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır. İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir. Türkiyə olaraq bunun üçün öhdəmizə düşəni edəcəyik".
O, həmçinin söyləyib ki, İraqla Suriyanın yeni hakimiyyəti arasında əlaqələr gücləndirilməlidir.
Orta Şərqdəki son prosesləri "Sherg.az"la dəyərləndirən politoloq Turan Rzayev deyib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bağdadda İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər mühüm və yerində bir təklifdir:
"Türkiyə, Suriya və İraq terrorçulara qarşı birgə mübarizə aparmalıdır. Terror Yaxın Şərqin ortaq bəlasıdır və bu təhlükədən heç bir ölkə sığortalanmayıb. Problemin həlli isə yalnız əməkdaşlıqdan keçir. Hər kəs məsuliyyəti üzərinə götürməli və əlini daşın altına qoymalıdır. Türkiyə illərdir bu problemlə təkbaşına mübarizə aparır. Artıq 30 ildən çoxdur ki, Ankara ölkə daxilində PKK, xaricdə isə PKK/YPG/PYD terrorçularına qarşı əməliyyatlar həyata keçirir. Türkiyə dəfələrlə İraqda, Suriyada, hətta İranda belə əməliyyatlar təşkil edib və bu addımlar regionda terrora ağır zərbə vurub. Türkiyə Suriyada da ciddi uğurlar əldə edib. Bəşər Əsədin devrilməsi, yeni hökumətin qurulması və bu hökumətdə Ankaraya yaxın fiqurların yer alması mühüm nailiyyətdir. Düzdür, Suriyada problemlər tam həll olunmayıb. Xüsusilə, ölkənin şimal-şərqində PKK/YPG mövcudluğu hələ də qalmaqdadır və bu məsələnin həlli çətinləşib. Ankara, ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəlməzdən əvvəl Suriyada PKK/YPG-nin varlığına son qoya bilmədi. Bu, Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır. Trampın Ərdoğanla münasibətləri yaxşıdır, lakin Vaşinqton YPG-yə külli miqdarda maliyyə və silah-sursat yardımı ayırıb və bu investisiyalardan sonra geri addım atmaq istəmir. Bu məsələnin gec-tez Türkiyə ilə ABŞ arasında yeni gərginlik yaradacağı qaçılmazdır. Bütün bunlar regionda Türkiyə-Suriya-İraq əməkdaşlığını zəruri edir. Əgər bu üç ölkə güclərini birləşdirərsə, ABŞ-ın geri çəkilməkdən başqa yolu qalmayacaq. Hətta İraq Kürd Muxtariyyətinin də prosesə cəlb edilməsi mümkündür. Məsələn, ötən həftə Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Abdi Ərbilə səfər edərək, İraq Kürdüstanını idarə edən Məsud Bərzani ilə görüşüb. Görüşdə Bərzani, Abdiyə PKK-nı Suriyadan çıxarmağı tövsiyə edib və bunun Türkiyə ilə münasibətlərin normallaşması üçün vacib olduğunu vurğulayıb. Əks halda, PKK-nın varlığı Türkiyənin yeni hərbi müdaxiləsinə zəmin yaradacaq. Bərzaninin bu təklifi məntiqlidir. Çünki o da məhz balans siyasəti ilə İraqın şimalında hakimiyyətini qoruyub saxlayır. Əslində, Türkiyənin problemi kürdlərlə deyil, kürd terrorizmi ilə bağlıdır. Əgər SDF PKK/YPG-ni sıradan çıxarmaq qərarı versə, Ankara onu dəstəkləyə bilər. Buradakı əsas problem SDF-nin İraq Kürd Muxtariyyəti səviyyəsində muxtariyyət istəməsidir. Ankara üçün hələlik qeyri-müəyyən qalan yeganə məsələ də budur. Bunun necə həll olunacağı isə Vaşinqton və Ankara arasındakı müzakirələrdən asılı olacaq. Ancaq bütün hallarda Türkiyə-İraq-Suriya əməkdaşlığı həlledici faktor ola bilər".
Regiondakı hadisələrə Qəzzadakı atəşkəsin təsirlərindən danışan ekspert bildirir ki, atəşkəsdən sonra Yaxın Şərqdə nə kimi dəyişikliklər ola biləcəyi ilə bağlı müxtəlif ehtimallar var:
"Hazırkı vəziyyət, sanki fırtına öncəsi səssizliyi xatırladır. Əldə edilən razılaşma bəziləri tərəfindən HƏMAS-ın strateji qələbəsi kimi qiymətləndirilsə də, əslində, bu tam olaraq belə deyil. Çünki saziş məhz İsrailin istədiyi formada imzalanıb. Bunu ABŞ Prezidenti Donald Trampın açıqlamaları da təsdiqləyir. O, “Qəzza zolağının bir daha terror yuvasına çevrilməsinə icazə verilməyəcək” deyə bəyan edib. Bu, Qəzzada yeni idarəçiliyin formalaşa biləcəyinə işarədir. Əslində, İsrailin məqsədi nə Qəzzanı, nə də Fələstini ilhaq etməkdir. Belə olsaydı, hərbi əməliyyatlar təkcə Qəzzada deyil, eyni zamanda İordan çayının qərb sahilində də həyata keçirilərdi. Lakin biz 7 oktyabrdan bu günə qədər nə Fələstin ordusunun İsraillə döyüşdüyünü, nə də Mahmud Abbasın Qəzzadakı hadisələrə ciddi reaksiya verdiyini gördük. Hətta bəzi məlumatlara görə, İsrailin Qəzza əməliyyatı Fələstin rəhbərliyi ilə gizli razılaşmaya əsaslanıb. Çünki Qəzzadakı HƏMAS Mahmud Abbas üçün də ciddi problemlər yaradırdı. İsrailin Qəzzada HƏMAS-a qarşı keçirdiyi əməliyyatlar, əslində, Livanın cənubunda "Hizbullah"a qarşı həyata keçirdiyi antiterror tədbirlərinə bənzəyir. Təl-Əvivin yeganə haqsız olduğu məqam isə əməliyyatlarda sərt və nəzarətsiz güc tətbiq etməsidir. Bu, mülki əhali arasında çoxsaylı itkilərə səbəb olub. Hazırda Qəzza zolağının gələcək idarəçiliyi qeyri-müəyyən olaraq qalır. Xüsusilə, HƏMAS-ın bu qədər zəiflədiyi bir şəraitdə hakimiyyətdə qalması çətin görünür. Bununla belə, İsrail hələ də HƏMAS-ı tam məğlub edə bilməyib. Bundan sonra əsas söz Donald Trampdadır. Onun əsas məqsədi Yaxın Şərqdə “NATO” modelinə bənzər bir təhlükəsizlik sistemi yaratmaqdır. Tramp əvvəlcə “İbrahim Sazişləri” çərçivəsində İsrailin Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə münasibətlərini normallaşdırmağa çalışacaq. Sonda onu da qeyd etmək lazımdır ki, bu sazişin uğursuz olma ehtimalı da yüksəkdir. İran və digər qüvvələr HƏMAS-ın yenidən güclənməsi üçün hərəkətə keçə bilər. Bu da Yaxın Şərqdə növbəti toqquşmalara zəmin yarada bilər".