Türkiyəni narahat edən kürdlər yox, kürd terrorizmidir -Politoloq

SDF PKK/YPG-ni sıradan çıxartmaq qərarı versə, Ankaranın dəstəyini ala bilər


Türkiyə ordusu son günlər Suriyada PKK/YPG-nin mövqelərinə ardıcıl zərbələr vurur. Bunu terrorçu şəbəkənin komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin də ABŞ mediasına etiraf edib.
“Davamlı olaraq hücum altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib”, – o bildirib.
Qeyd edək ki, Türkiyə Suriyada mərkəzi dövlətin qurulmasından başqa, PKK/YPG-nin kökünü kəsmək, terrora son verməkdə qərarlıdır. Son günlər atılan addımlar, PUA hücumları da bunu deməyə əsas verir. 

Politoloq Turan Rzayev isə “Sherg.az"a açıqlamasında Ankaranın əməliyyatı istədiyi səviyyədə keçirə bilmədiyini deyib. Söhbətin quru əməliyyatlarından getdiyini vurğulayan politoloq hesab edir ki, rəsmi Ankara ABŞ Prezidenti Donald Trampın səlahiyyətlərini icra etməyə başlamadan PKK/YPG-nin Suriyadakı varlığına son verə bilmədi:
 “Suriyanın şimal şərqindəki PKK/YPG Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında əsas fikir ayrılığı hesab olunur. Trampın Ərdoğanla münasibətləri yaxşıdır. Lakin bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. ABŞ YPG-nin dövlətləşməsinə ciddi investisiya ayırıb. Bundan başqa, silah-sursat yardımı davam edir. Vaşinqtonun bu qədər xərcdən sonra geri addım atması çətin görünür. Məsələnin gec-tez Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olacağı ayındır. Ötən həftə Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Abdi Ərbilə səfər edərək, İraq Kürdüstanını idarə edən Bərzani ailəsinin lideri Məsud Bərzani ilə görüşüb. Məlumata görə, görüş zamanı Bərzani Məzlum Abdiyə tövsiyə edib ki, Türkiyə ilə münasibətlərini düzəltmək üçün PKK-nı Suriyadan çıxartsın, əks halda PKK-nın varlığı Türkiyənin Suriyaya müdaxiləsi üçün zəmin yaradacaq.
Bərzaninin bu təklifi ağlabatandır. Çünki özü məhz bu balans siyasəti ilə İraqın şimalını idarə edir. Əslində, Türkiyəni narahat edən kürdlər yox, kürd terrorizmidir. SDF PKK/YPG-ni sıradan çıxartmaq qərarı versə, Ankaranın dəstəyini ala bilər. Buradakı əsas problem SDF-nin İraqdakı kimi yüksək muxtariyyət istəməsidir. Ankara ilə həlli qeyri-müəyyən görünən tək məsələ budur. Görünür, bu da Vaşinqton-Ankara danışığının nəticəsində bəlli olacaq”.