Sanksiyalar Rusiyaya çökdürücü zərbələr vura bilmədi -ŞƏRH

Aİ ölkələri dolayı yollarla yenə də Rusiyadan xammal alırlar

Avropa İttifaqının üzv-dövlətləri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı kompromisə gəliblər. Bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, təşəbbüsün əleyhinə çıxmış Macarıstan belə Avropa İttifaqından enerji təhlükəsizliyi ilə bağlı zəmanətlər aldıqdan sonra, bu qərara etiraz etməməyə razılıq verib. Qeyd edilir ki, bundan əvvəl Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasını sual altına almışdı. Ölkənin Baş naziri Viktor Orban sanksiya rejiminin yalnız Ukraynanın Rusiya qazının tranzitini bərpa edəcəyi halda davam etdiriləcəyini bəyan etmişdi.
Maraqlıdır, sanksiyaların uzanması Rusiyanın durumuna necə təsir edəcək?

Bu barədə “Sherg.az"a danışan siyasi şərhçi Sona Əliyeva deyib ki, Rusiyaya qarşı Qərbin sanksiyaları bu vaxta qədər heç nəyi köklü şəkildə dəyişməyib: 
"Çünki indiyə qədər üzdə Kremlə qarşı sanksiya tətbiq edənlər bu və ya digər yollarla şimal qonşularımızla alış-verişi kəsməyiblər. Hətta Ukrayna da üç ildir davam edən müharibə fonunda Rusiya qazının Avropaya nəqlini bu yaxınlarda dayandırıb. O Ukrayna ki, ərazilərinin böyük bir hissəsini məhz Rusiya işğal edib. Macarıstanın Rusiyaya qarşı sanksiyalara “hə” deməsinin başlıca səbəbi odur ki, Budapeşt də bu sənədin sadəcə kağız parçası statusunda qalacağının fərqindədir. Düşünürəm ki, Avropa Birliyində hazırda yetərli qədər birlik yoxdur, ona görə də Moskvaya qarşı siyasi və iqtisadi təzyiqlər öz bəhrəsini vermir. Görünən odur ki, budəfəki təzyiqlər Ukraynanın könlünü almağa hesablanıb. Çünki Trampın gəlişi ilə ABŞ-dən Ukraynaya göndəriləcək yardımlar xeyli azalacaq. Qərb bununla da Birləşmiş Ştatlara mesaj vermək istəyir ki, “sizsiz də bacararıq”, amma bu, o qədər də asan olmayacaq. Bu sanksiyalar bir neçə ay sonra bir kənara atılacaq və Avropanın mavi yanacaqdan asılı ölkələri yenə də Rusiyaya yalvarmağa başlayacaqlar. Azərbaycan isə fürsətdən istifadə edərək öz təbii sərvətlərini daha çox Qərb bazarına çıxara bilər. Yəni Rusiyanın “yoxluğunda” bizə Avropada daha çox ehtiyac duyulacaq. Amma rus qazını bu və ya digər formada ala biləcək ölkələr də olacaq”.

ReAL Partiyasının sədri Natiq Cəfərli də hesab edir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına müəyyən qədər zərər versə də, çökdürücü zərbələr vura bilmədi. Onun fikrincə, bunun əsas səbəblərindən biri də Aİ ölkələrinin Rusiyanın enerji daşıyıcıları və xammalına möhtac olmasıdır: 
“Ona görə də Rusiyaya sanksiya tətbiq edən Aİ ölkələri dolayı yollarla yenə də Rusiyadan xammal alırlar. 
Sıxılmış qaza birbaşa sanksiyalar olsa da, ötən ilin statistikasına görə, Avropa Birliyinə ən çox sıxılmış qaz satan ölkə məhz Rusiyadır.  Dolayı, üçüncü ölkələr vasitəsilə olsa da, ticari əlaqələr hələ də davam edir. Odur ki, sanksiyaların vaxtının uzadılması ilə elə bir ciddi dəyişikliyin baş verəcəyini düşünmürəm. Sadəcə, həmin sanksiyaların tətbiqi ilə bağlı vaxt bitmək üzrə olduğu üçün həmin vaxtı uzatmaq lazım idi və Aİ-də bunu edib. Rusiya iqtisadiyyatının ayaqda qalma gücünün qaz və neft məhsulları ilə bağlı olduğunu nəzərə alsaq, bu istiqamətdə tətbiq olunan sanksiyalardan ciddi zərər görə bilər.
Amma məsələ orasındadır ki, sanksiyaların tətbiqi bir şeydir, həmin sanksiyalara əməl edilməsi başqa şey. Nə qədər sanksiya tətbiq olunur olsun, əgər Avropa İttifaqı dövlətləri o sanksiyalara hamılıqla əməl etməyəcəksə, o zaman həmin sanksiyaların da təsiri olmayacaq. Qeyd etdiyim kimi, Avropa İttifaqı dövlətlərinin əksəriyyəti sanksiyalara baxmayaraq, dolayı yolla Rusiyadan enerji məhsulları alacaqsa, deməli, qəbul edilmiş sanksiyalar sadəcə gözdən pərdə asmaq üçündür”.