BMT ABŞ-nin xarici yardımı dayandırmaq qərarından narahatlığını bildirib

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-nin xarici yardımı dayandırmaq qərarından narahatlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"Baş katib ABŞ-nin xarici yardımının dayandırılması barədə elanı həyəcanla qarşıladı. O, həyatları və dolanışıqları bu dəstəkdən asılı olan dünyanın ən həssas icmaları üçün kritik inkişaf proqramlarının və humanitar səylərin davam etdirilməsini təmin etmək üçün əlavə güzəştlərin nəzərdən keçirilməsinə çağırır”, - deyə S.Düjarrik bildirib.

Quterreş inkişaf etməkdə olan ölkələrdə ən çətin problemlərlə üzləşən insanlara yardım göstərməyə davam etmək üçün ABŞ-ın yeni administrasiyası ilə işləməyi səbirsizliklə gözlədiyini söyləyib. “Birləşmiş Ştatlar ən böyük yardım təminatçılarından biri olaraq qalır və irəliyə doğru strateji yolu birgə formalaşdırmaq üçün konstruktiv işləməyimiz çox vacibdir, - deyə BMT-nin rəsmi nümayəndəsi vurğulayıb.