Qida nəhəngi The Coca-Cola Company-nin törəmə şirkəti olan Coca-Cola Europacific Partners Belgium Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından öz məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib.
Musavat.com xəbər verir ki, geri çağırılmaya səbəb məhsulların tərkibində xloratların miqdarının artıq olmasıdır. Şirkətdən agentliyə bildirilib: "Bizim dəqiq rəqəmlərimiz yoxdur, lakin aydındır ki, söhbət əhəmiyyətli rəqəmdən gedir".
Tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico brendlərinə şamil edilir. Şirkət bildirib ki, problem Gentdə istehsal üçün normativ tələblərə uyğunluğu təmin məqsədilə içkilərinin keyfiyyətinin yoxlanılması zamanı müəyyən edilib.
Agentlik qeyd edir ki, standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.
Qeyd edək ki, xlor, xlor dioksid və ya hipoxloritdən içməli suyun, qida istehsalı üçün suyun və qida ilə təmas səthlərinin dezinfeksiyası üçün istifadə edildikdə əlavə məhsul kimi xlorat əmələ gəlir. Bu tip dezinfeksiyaedici qida təhlükəsizliyinin yüksək standartını təmin etmək və riski azaltmaq üçün mühüm vasitə kimi qəbul edilir. Son tədqiqatlar göstərir ki, xlorat qalıqları qida ilə təmas səthlərini və qida emalı avadanlıqlarını yumaq və dezinfeksiya etmək üçün biosidlərdən istifadə edərkən qidaya da daxil olur. Xüsusilə uşaqlarda, hamilə qadınlarda və ya immuniteti zəif olan insanlarda yüksək dozada xloratın həzm sistemi, tiroid funksiyasının pozulması, yod çatışmazlığı və qırmızı qan hüceyrələrinə zərər verməsi riski böyükdür.
Avropa İttifaqı ölkələrində qidalarda xloratın maksimum qalıq səviyyələri müəyyən edilib. Coca-Cola Europacific Partners Belgium-un açıqlamasından belə aydın olur ki, məhsulların tərkibində xlorat qalığı bu səviyyədən yüksəkdir.