Zelenski qapının arxasında qalır: Ukrayna ağrılı güzəştlərə məcbur ediləcək

Trampın öncə Putinlə danışması, daha sonra Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə edir


Fevralın 12-də ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında saat yarımlıq telefon danışığı olub. Tərəflərin diqqət ayırdığı başlıca mövzunun Rusiya-Ukrayna müharibəsi olduğu bildirilib. Bundan başqa, onlar İranın nüvə proqramını, Yaxın Şərqdəki vəziyyəti, energetika, süni intellekt, dolların təsiri kimi məsələləri də müzakirə ediblər. Donald Tramp və Vladimir Putinin Səudiyyə Ərəbistanında görüşəcəklərinə dair məlumat da yayılıb. Rusiya Prezidenti amerikalı həmkarını Moskvaya dəvət edib. Tramp bu telefon danışığını “sürəkli və çox məhsuldar” adlandırıb. Onun sözlərinə görə, Rusiya və Ukrayna müharibəsində insan ölümlərini dayandırmağın vacibliyinə dair razılıq əldə edilib: “Biz uyğun komandanın təcili olaraq danışıqlara başlamasında razılıq əldə etdik”. Ağ Ev rəhbəri bildirib ki, müharibəni bitirə bilərlər: “Əslində mən ümid edirəm ki, bu, müharibəni başa çatdıra bilməyimiz üçün münasibətlərin başlanğıcıdır”. Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, milli təhlükəsizlik məsələləri üzrə prezidentin müşaviri Maykl Uolts və xüsusi məsələləri üzrə səfir Stiv Vitkoffun Rusiya nümayəndələri ilə danışıqlara başçılıq edəcəkləri vurğulanıb. Kremldən bildirilib ki, Tramp və Putin şəxsi təması davam etdirəcəklərini də razılaşdırıblar. Tramp Zelenski ilə də telefon danışığı aparıb. Tərəflər müharibə və sülh mövzularına dair fikir mübadiləsi aparıb. Zelenski danışıqlarla bağlı bildirib ki, Ukrayna qədər sülhü heç kim istəmir: "Rusiya təcavüzünü dayandırmaq üçün ABŞ ilə gələcək addımları araşdırırıq. Prezident Tramp demiş, gəlin, işi sona çatdıraq". Onun sözlərinə görə, tərəflər Ukraynanın texnoloji imkanlarını - pilotsuz uçuş aparatları və başqa qabaqcıl sənaye sahələrini müzakirə ediblər. Zelenski Kiyevin ABŞ-dən “tərəfdaşlıq sazişi”nin ilk layihəsini aldığını açıqlayıb. Tramp ABŞ-nin Ukraynaya etdiyi hərbi yardımlar qarşılığında 500 milyard dollarlıq faydalı qazıntı, xüsusilə litium mədənlərini istədiklərini bildirmişdi. Ukrayna prezidenti bu məsələyə toxunaraq deyib: “Biz faydalı qazıntılar haqqında danışdıq... Bilirəm ki, bizim komandaya ölkələrimiz arasında tərəfdaşlıq haqqında hazırkı sənədin ilk layihəsi verilib. Çox istəyirəm ki, komandamız bu sənəd üzərində işləsin. Sənədi bu gün aldıq. Komandalarımızın həqiqətən də bu sənədi tez bir zamanda razılaşdırması və imzalanması üçün hər şeyi edəcəyik”. Kiyevdə səfərdə olan ABŞ-nin maliyyə naziri Skott Bessent isə bildirib ki, bu sənəd ukraynalılara ABŞ tərəfindən verilən təminatın bir hissəsidir. O deyib: “Sənəd Rusiya rəhbərliyinə Ukrayna ilə iqtisadi əməkdaşlığa dair bizim bir yerdə olduğumuza dair siqnaldır”. Tramp həmçinin bildirib ki, 2014-cü il sərhədlərinə qayıtmaq ehtimalı çox azdır, çünki Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri çətin ki, geri qaytarsın. O, həmçinin Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi ideyasını dəstəkləyərək Alyansa qəbulu mümkünsüz sayıb. Zelenskinin Ukraynanın ərazilərinin bir hissəsini itirmək hesabına müharibəni bitirmək ideyasını ABŞ-nin dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualını Tramp belə cavablandırıb: “O, üzərinə düşəni etməli olacaq”. Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Ukrayna onlara xərclənən pulları ABŞ-yə qaytarmalı olacaq. Ekspertlərin fikrincə, telefon danışığının Ukrayna ilə bağlı hissəsindən belə qənaətə gəlmək olar ki, sülh sazişindən deyil, atəşkəsə nail olunmasından söhbət gedə bilər. 

 Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Tramp-Putin danışıqları fonunda Ukraynanın ağrılı güzəştlərə məcbur ediləcəyi, buna cəhd edildiyi aydınlaşır. Ekspertin sözlərinə görə, Trampın Putinlə danışıqların təfərrüatları haqda açıqlamaları da bu yöndədir. Belə görünür ki, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə getməyə hazırlaşır: 
"Ukrayna ərazilərinin Rusiyaya verilməsidir: bunun hansı ssenari üzrə baş verəcəyi bəlli olmasa da, açıqlamalar müəyyən ehtimalları önə çıxarır. Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə keçirilən toplantısında bəyan etdi ki, müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə biləcəyini gözləmək qeyri-realdır. Vaşinqton Tramp-Putin danışıqlarından öncə mövqeyini açıqlamışdı. Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması çətindir. Kiyevi güzəştə dəvət edən Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin geri qayıdacağını da vurğulayır. Bunun blef olduğunu düşünmək çətindir, çünki Ukrayna hazırda nə qədər diktə edilən tərəf olsa da, ümumi konsensusun tapılması üçün onun da mövqeyi nəzərə alınmalıdır. Verilən açıqlamalardan ortaya çıxan versiyalar 2014-cü ildən öncəki sərhədlərə qayıtmamaq Krımın və Donbasın əvvəl işğal edilmiş hissəsinin Rusiyaya verilməsi deməkdir. Bunun hansı formada - de-fakto, yoxsa de-yure olacağı sual altındadır. İstisna deyil ki, Kiyev bu ərazilərdən de-yure imtinaya məcbur edilsin. Moskvanın şərtlərindən biri bu ola bilər". 

Analitikə görə, danışıqlar masasında 2022-ci ildən sonra işğal edilmiş ərazilər müzakirə edilə bilər: 
"Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə çıxması ehtimalı azdır. Hərçənd, Ukrayna ordusunun Kursku tərk etməsi qarşılığında “ərazi mübadiləsi” mümkün ssenarilərdəndir. Tramp “o torpaqların bir hissəsi geri qayıdacaq” dedikdə bunu nəzərdə tuta bilər. Ukraynanın NATO-ya üzvlüyünün arxa plana keçməsidir. Bunun qeyri-mümkün olduğu müharibədən öncə də məlum idi. Lakin Rusiya bu bəhanə ilə hücuma keçdi. Bayden administrasiyası da Putinlə müharibədə bu məsələni aktual saxladı. Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi paket tələb-təklifində Ukraynanın Şimali Alyansa üzv olmaması müddəasının Vaşinqton tərəfindən qəbul edilməsidir".

A.Nərimanlıya görə, Tramp və Putinin Səudiyyə Ərəbistanında görüşünə qədər razılaşma üzərində iş aparılacaq:
 "Bunun Moskva-Kiyev razılaşmasından daha çox, Moskva-Vaşinqton razılaşması olacağı, Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil ediləcəyi görünür. "Nəzarət zonaları" üzərində qeyri-rəsmi razılaşmanın olması da istisna edilməməlidir. Bu görüşə qədər ABŞ Trampın da dediyi kimi, “Ukraynaya yardım göndərməyə davam edəcək”, məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara çıxmasını önləməkdir. Rəsmi Kiyev danışıqlarda tərəf kimi de-fakto arxa planda qala bilər. Əslində, Trampın öncə Putinlə danışması, daha sonra Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə edir".