Qəzza əhalisi heç vaxt köçürülməyəcək: Türkiyə buna qətiyyən imkan verməz

Türkiyə ilə ABŞ sonda razılaşacaqlar. Ən azı ona görə ki, bu, ABŞ-nin öz dövlət maraqlarından çox İsrailin daxili maraqlarına aid məsələdir



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından mümkün köçürülməsi ilə bağlı açıqlamalarına münasibət bildirib və onların öz torpaqlarında qalacaqlarını vurğulayıb. Bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında deyib. 
Ərdoğan bildirib ki, heç kim Qəzza xalqını əzəli və dəyişməz vətənlərindən çıxara bilməyəcək: “Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla fələstinlilərə məxsusdur. Qəzza xalqı 471 gündür ki, İsrailin bütün qəddarlıq və təcavüzlərinə baxmayaraq, öz torpaqlarında qalmağa, Qəzzada yaşamağa  və onu müdafiə etməyə davam edir”.
Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu isə Qəzza sektoruna Türkiyə muxtariyyəti statusu verilməsini təklif edib.
Qeyd edək ki, fevralın 5-də Tramp fələstinlilər qonşu ölkələrə, xüsusilə Misir və İordaniyaya köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu  açıqlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-nin regionun bərpasına və iş yerlərinin yaradılmasına, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılmasına cavabdeh olacağını vəd edib.
Göründüyü kimi, Türkiyənin Qəzza məsələsi ilə bağlı mövqeyi kifayət qədər qətidir.
Bəs, Türkiyənin hazırkı mövqeyi Ankara-Vaşinqton münasibətlərinə necə təsir edəcək?

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Tural İrfan isə “Sherg.az"a açıqlamasında deyib ki, Qəzza əhalisinin köçürülməsi məsələsindəki ziddiyyət Türkiyə və ABŞ münasibətlərinə o qədər də təsir göstərməyəcək. Çünki bir çox strateji maraqlarda ortaq razılaşmalar, eyni zamanda Trampın Ərdoğana xüsusi diqqəti var: 
“Qəzza əhalisinin köçürülməsi planı, əslində, İsrailin planıdır və bu, çox qorxulu məsələdir. Qonşu ərəb ölkələri də daxil, başda Türkiyə olmaqla bütün İslam aləmi buna hiddətlə yanaşır ki, bu da baş tutarsa, ABŞ-nin nüfuzuna ciddi zərbə deməkdir. Eyni zamanda Donald Trampın prezidentlik imicini korlayacaq. Bununla yanaşı regionda daha geniş fonda böyük müharibəyə yol açacaq. Biznes sahəsindən gəldiyi üçün ABŞ prezidenti müxtəlif məsələlərə yalnız alver predmeti kimi yanaşır. Lakin bu, tam yanlış siyasətdir. Qəzza, ümumiyyətlə, Fələstin az qala, bir əsrə yaxındır ki, milyonlarla övladını fəda edib ki, dövlət qursun, vətənində yaşasın. İndi necə əlini, qolunu sallayıb Qəzzanı tərk edə bilər? Bu, mümkün deyil.
Qəzzanın Türkiyəyə birləşdirilməsi də mümkündür. Çünki o torpaqlara hamıdan çox bilavasitə aidiyyəti olan dövlət yalnız Türkiyədir. Ona görə ki, həm Fələstin, həm də İsrail Osmanlı torpağıdır. Əgər Qəzzanı boşaldıb, Fələstinin kökünü kəsmək istəsələr, Türkiyə buna səssiz qalmayacaq və gərəksə hərbi müdaxilədə bulunacaq. Çünki Qəzzadan sonra İsrailin "vəd edilmiş torpaqlar" planına görə boşaldılması lazım gələn torpaqlar Suriya, İordaniya, Misir və Türkiyənin bir hissəsidir. İsrail bunu tədricən, hissə-hissə həyata keçirib "böyük İsrail" qurmaq istəyir. Bunu açıq-aşkar bilən Türkiyə əsla Qəzza məsələsinə seyrçi qala bilməz.
Düşünürəm ki, Türkiyə Qəzzanın Türkiyəyə bağlanması fikrini ortaya atarsa, ABŞ öz haqsız mövqeyini bir də nəzərdən keçirə bilər”.

Qəzza əhalisinin heç vaxt köçürülməyəcəyini, Türkiyənin buna qətiyyən imkan verməyəcəyini vurğulayan T.İrfan qeyd edib ki, əgər bu baş tutarsa, HƏMAS köçürülən əhalinin məskunlaşdığı ölkələrdə yeni cəbhə açacaq ki, bu da İordaniya, Misir kimi dövlətlərin qarışması deməkdir:
 “İsrail də bunu planlayır. Necə ki, Livan Hizbullaha görə bombalayır, Misir, İordaniya və Suriyanı da HƏMAS-ın orada olmasını əsas gətirərək işğal edə bilər. Bu, düşünülmüş siyasətdir, lakin çox təhlükəli və zərərlidir. İkili dövlət prinsipinə də kökündən zərbədir. Hazırda Fələstin dövlətinin yaranması məsələsi aktivləşib, əsasən Türkiyə bunun üstündə ciddi dayanıb. Məhz bu ehtimalın gerçəkləşməməsi üçün Qəzza əhalisinin deportasiya və ya sürgün olunması nəzərdə tutulur. Türkiyə ilə ABŞ sonda razılaşacaqlar. Ən azı ona görə ki, bu olan ABŞ-nin öz dövlət maraqlarından çox İsrailin daxili maraqlarına aid məsələdir. Buna görə də bircə İsrailə görə Türkiyə başçılığındakı müsəlman dövlətlərin hamısının əleyhinə xarici siyasət yürütmək ABŞ üçün o qədər də xoş deyil”.