İran mövcud hakimiyyətin qalması üçün "xarici düşmənləri" gündəmdə saxlayır -Politoloq

Təlimlərin məqsədi daxili auditoriyaya və dünyaya göstərişdir

İran Silahlı Qüvvələri müxtəlif sərhəd bölgələri boyunca 10 diviziya yerləşdirib.
Bu sözləri İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Keyumərs Heydəri deyib.
Generalın sözlərinə görə, onlar hərtərəfli kəşfiyyat və təhlükəsizliyi təmin etmək üçün strateji mövqedədirlər və bu, güclü təhlükəsizlik və qabaqlayıcı tədbirdir.
Qeyd edək ki, Keyumərsin bu sözləri yeni fəaliyyət kimi yayılsa da, general yanvarın sonunda da eyni sözləri işlətmişdi. Yəni İran diviziyalarının sərhədə yeridilməsi doğrudursa, bu, ən azı bir neçə ay öncə olub.
Həmçinin Keyumərs bu gün İranın məxfi silahlarının olduğu ilə bağlı da düşmənləri hədələməyi unutmayıb.

Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, İran 1979-cu ildən bəri gərginlik, toqquşmalar dövrünü yaşayır:

"İran kimi dövlət daxili auditoriyasının narazılığını nəzarətdə saxlamaq, mövcud hakimiyyətin qalması üçün daimi olaraq "xarici düşmənləri" gündəmdə saxlayırlar. Həmçinin bunun İranda avtoritar rejimin hökm sürməsi ilə əlaqəsi yoxdur. Məsələn, NATO demokratik ölkələrin olduğu blok sayılır. Lakin Sovetlər Birliyi dağılanda qurumda sual yarandı ki, indiyə qədər toparlanmaq üçün düşmən var idi, bəs bundan sonra nə edəcəyik? Ümumiyyətlə "xarici düşmən", "xarici təhdid" bütün rejimlərə aiddir. Əvvəl "şər imperiyası" SSRİ-yə deyirdilər. Hazırda isə bu ləqəb özünü digər bəzi dövlətlərdə göstərir. Həmin ölkələr düşmənlərini şişirdilmiş formada hər zaman ictimaiyyətə bəyan edirlər ki, siyasi hakimiyyətləri həyatını sürə, dövləti isə istədiyi kimi idarə edə bilsin. Bu mənada Keyumərsin fikirləri normaldır.  
İran Silahlı Qüvvələri sərhəd boyunca yerləşdirdiyi diviziyaları təlim keçəcəklər. İranın tək məqsədi bunu daimi təkrarlayaraq sadəcə daxili auditoriyaya və dünyaya göstərişdir".