Böyük sülh müqaviləsinin bağlanması kimi bir gözlənti yoxdur
Natiq Cəfərli: "Hər nə qədər Trampla Putin arasındakı danışıqlar Rusiyanın xeyrinəymiş kimi görünsə də, qısa vaxt ərzində ABŞ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları aradan qaldıracağını güman etmirəm. Sanksiyaların müddəti Rusiyanın Ukraynaya edəcəyi güzəştlərdən asılı olacaq”
Bu günlərdə ABŞ Dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Dövlət Departamentindən verilən məlumata görə, telefon danışığının Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə həftənin əvvəlindəki müzakirəsinin davamı olaraq baş tutduğu bildirilir.
Zəng zamanı Rubio Prezident Trampın Ukraynadakı münaqişəyə son qoymağa sadiqliyini bir daha təsdiqləyib. Həmçinin tərəflər bundan bir sıra digər ikitərəfli məsələlər üzrə potensial birgə işləmək imkanlarını müzakirə ediblər.
Siyasi ekspertlərin fikrincə, ABŞ dövlət katibi ilə Rusiya xarici işlər nazirinin telefon danışığı Ukraynadakı müharibə ilə əlaqədar gələcək danışıqlarda kommunikasiya kanalının açıq qalacağının göstəricisidir.
Rubio və Lavrovun zəngi danışıqlarda əsaslı işin başlandığını və diplomatiyanın normallaşması ilə iki dövlətin yenidən müntəzəm əlaqə saxladığının əlamətidir.
Xarici siyasət idarələrinin rəhbərlərinin telefon diplomatiyası texniki olaraq Vladimir Putinlə Donald Trampın danışıqlarının və liderlərin sammitinə hazırlığın məntiqi davamıdır.
Rusiya ilə ABŞ bir-birilərinə strateji maneə yaradan sədləri məhdudlaşdırmaqda maraqlıdırlar. Danışıq zamanı ABŞ ilə Rusiyanın ticarət-iqtisadi və investisiya əməkdaşlığında maneələri aradan qaldırmaqdan tutmuş, Ukraynada müharibəyə son qoyulması və Yaxın Şərqdəki problemlərin həllində birgə işləməyə qədər razılıq rejiminin müəyyənləşməsi xeyli gizli mətləbdən xəbər verir.
Üstəlik, ABŞ ilə Rusiyanın nümayəndə heyətlərinin yaxın günlərdə Səudiyyə Ərəbistanında görüş keçirəcəyi barədə məlumatlar iki dövlətin maraqlarının və geosiyasi portfellərindəki qarşılıqlı güzəşt prinsiplərinin işə düşdüyünü göstərir.
Real Partiyasının sədri Natiq Cəfərli isə "Sherg.az"a açıqlamasında deyib ki, Amerika ilə Rusiya rəsmiləri arasındakı danışıqlar indiki halda heç bir aşkar nəticə və ya hərəkət anlamı daşımır, sadəcə, anonslar verir. Ukraynanın və Rusiyanın isə öz mövqeləri, öz ultimatumları, öz məqsədləri var:
"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsini bitirmək istəyir. Sözsüz ki, ABŞ-nin maraqları çərçivəsində...".
N.Cəfərlinin fikrincə, hazırda Rusiyanın müharibəni bitirməyə hazır olub-olmadığını yoxlamaq üçün test danışıqları aparılır:
"Hər nə qədər Trampla Putin arasındakı danışıqlar Rusiyanın xeyrinəymiş kimi görünsə də, qısa vaxt ərzində ABŞ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları aradan qaldıracağını güman etmirəm. Sanksiyaların müddəti Rusiyanın Ukraynaya edəcəyi güzəştlərdən asılı olacaq.
Hazırkı mərhələdə aparılan danışıqlar və verilən vədlər tərəflər arasında ilkin atəşkəsin əldə olunmasına hesablanıb. Rusiya-Ukrayna müharibəsinin birdəfəlik bitməsi, böyük sülh müqaviləsinin bağlanması kimi bir gözlənti yoxdur. ABŞ-nin əsas məqsədi müharibəni dondurmaq və müvəqqəti də olsa tərəflər arasında atəşkəs elan etməkdir. Sonrakı mərhələdə hansı addımlar atılacaq, nə kimi qərarlar veriləcək. Bütün bunlar tərəflər arasındakı danışıqlar prosesinin əsas predmetinə çevriləcək. Hələlik isə ABŞ ilə Rusiyanın Ukrayna ilə əlaqədar yekun razılıq əldə etməsini fakt kimi səsləndirmək çox tezdir. Ona görə ki, Trampla Putinin münaqişəyə son qoymaq üçün təkliflərinin qarşılıqlı qəbul səviyyəsi aşkar deyil. Bu isə Rusiya ilə ABŞ arasında danışıqların Ukraynanın suverenliyi ümidsiz şəkildə zəiflədilənədək uzanması deməkdir".