Zelenskinin qara günləri indi başlayır: Ən çox uduzan tərəf məhz Ukraynadır

ABŞ strateji rəqibi olan Rusiyanı öz tərəfinə çəkməklə bir neçə hədəfə nail olmaq istəyir
ABŞ və Rusiya nümayəndə heyətinin Sədiyyə Ərəbistanında keçirilən 5 saatlıq görüşü ciddi müzakirə mövzusudur. Görüşdə tərəflər bir sıra prinsiplər üzrə razılığa gəliblər. Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması, Rusiya-ABŞ münasibətlərində “qıcıqlandırıcı” amilləri aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılıq əldə olunub. Həmçinin, Vaşinqton və Moskvadakı səfirliklərin ştatlarının bərpa edilməsi, geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etməklə bağlı razılaşma olub. İlkin razılaşmalar üzrə danışıqların davam edəcəyi gözləniləndir. Hətta bir sıra ekspertlər Ukrayna müharibəsinin cəbhədən diplomatik müstəviyə keçəcəyini deyirlər. Lakin əksini düşünənlər də az deyil. Onların baxışına görə, həlledici qərar ABŞ və Rusiyaya məxsus olsa da, Avropanın kənarda saxlanması yanlışdır. Ən önəmlisi isə münaqişə tərəflərindən biri olan Ukraynanın məqsədyönlü şəkildə prosesdən uzaqda tutulması yolverilməzdir. ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarını müsbət dəyərləndirsə də, münaqişənin həllinə inamı gücləndirdiyini desə də, görüş günü Türkiyəyə səfər etmiş Ukrayna Prezidenti Volodimir Zelenski fərqli düşüncədədir. Zelenski açıq şəkildə bildirib ki, Ukraynanın iştirakı olmayan danışıqları qəbul etməyəcəklər. 
Onun sözlərinə görə, Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır: “Putin əgər müharibəyə dönmək istəsə, müzakirə masasında onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə biləcək kimlərsə olmalıdır. Biz belə bir dialoqa hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Tərəfdaşlar arasında hər şey açıq kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”. 
Zelenski ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib:
 “Bəyənsəm də, bəyənməsəm də, bu, onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır. Yoxsa, əlbəttə, onların Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu, onların qərarıdır. Ancaq nə vaxt ki, “Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu, bizdə suallar yaradır. Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də biz açıq şəkildə bildiririk ki, siz nə istəsəniz, müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”. Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib: "Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm". 
Millət vəkili Tural Gəncəliyev "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna müharibəsi NATO-Rusiya qarşıdurması kimi dəyərləndirilirdi. Deputatın sözlərinə görə, Ər-Riyad görüşü və son günlərdə gedən proseslər göstərdi ki, Qərbin içərisində güclü ixtilaflar var:
 "Bir tərəfdən Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna danışıqları başlayır. Digər tərəfdə hazırda "ofsaydda" qalmış NATO-nun əsas üzv ölkələri Fransa Prezidenti E.Makronun təşəbbüsü ilə Parisdə konfrans çağırırlar. Həmin konfrans da çox bərbad toplantı kimi yadda qalır. Başqa bir tərəfdə Ukrayna Prezidenti V.Zelenski Türkiyəyə səfər edir. Qərbdən, ABŞ və Avropadan küskün olan Zelenski regionda daha böyük güc mərkəzinə - Türkiyəyə gəlməyə qərar verir və Ankaradan dəstək axtarır. Fikir verirsizsə, ABŞ-Rusiya danışıqları nümayişkaranə şəkildə Səudiyyə Ərəbistanında aparılır. Bununla Vaşinqton və Moskva görüşün Qərb, Avropa məkanında keçirilmədiyinin mesajını verirlər. Halbuki, görüş Rusiyaya nisbətən yaxın olan Macarıstanda, yaxud Slovakiyada keçirilə bilərdi. Bunu qəsdən etmədilər. Tramp Avropa İttifaqına, NATO-ya bir növ barmağını silkələyərək, onlara qarşı nə qədər qıcıq olduğunu göstərir. Trampın əsas şüarı ondan ibarət idi ki, Ukrayna müharibəsini 24 saata həll edəcək. Ona görə mümkün qədər tez zamanda Putinlə dil tapmağa çalışır. Prosesə ABŞ tərəfdən baxsaq, Tramp və onun komandası təmas xəttində münaqişənin dondurulmasını uduş kimi görürlər. Ağ Ev rəhbəri Ukrayna qarşısında konkret şərt qoyub ki, ölkənin təbii ehtiyatlarının 50 faizi amerikalıların olacaq. Üç il davam edən müharibə ərzində Ukraynaya 500 milyard dollar maliyyə xərclədiyini deyir və kompensasiya tələb edir. Rusiya tərəfdən nəzər yetirsək, Moskvanın qarşıya qoyduğu bütün məqsədlərə çatmadığını görürük. Moskva tələb edirdi ki, Ukrayna tam demilitarizasiya olmalı, Dnepr çayının şərq sahili tamamilə Rusiyanın nəzarətinə keçməlidir. Bunların reallaşması qeyri-mümkündür".
Parlamentari vurğulayıb ki, Rusiya üçün sadəcə taktiki və azmüddətli uduşdan söhbət gedə bilər. Çünki Avropa dövlətləri Ukraynaya hərbi kontingent göndərməyi müzakirə edirlər:
 "Böyük Britaniya belə Trampın siyasətinə etiraz olaraq Fransa və Almaniya ilə birlikdə hərəkət edir, Ukraynaya açıq-aşkar dəstəyini bildirir. London hesab edir ki, Avropanın təhlükəsizliyi Ukraynadan başlayır, ona görə Qərb sonadək Ukraynada olmalıdır. Ancaq Zelenski Qərbdən, Avropadan əvvəlki kimi dəstək ala bilmir. Təəssüflər olsun ki, prosesdə ən çox uduzan tərəf məhz Ukraynadır. 3 il bundan qabaq müharibə başlayanda Ukraynanın məqsədi o idi ki, itirilmiş ərazilərini qaytarsın, suverenliyini bərpa etsin. Ancaq indiki mərhələdə daha çox ərazi itkisi ilə üzləşib. Münaqişə təmas xəttində dondurularsa, Ukrayna əlavə ərazi itirmiş olacaq. Üstəlik, ABŞ də ondan təbii ehtiyatlarını istəyir. Bunlar Kiyev üçün ciddi problemlərdir. Məsələ ondadır ki, ABŞ-nin əsas niyyəti öz hegemonluq dövrünü uzatmaqdır. İkinci Dünya müharibəsindən sonra Avropa darmadağın olmuşdu. NATO-nun yaradılmasında məqsəd ABŞ-nin hərbi gücünün Avropa üzərində tam bərqərar edilməsi və SSRİ üzərində təzyiq alətinə çevrilməsi idi. ABŞ strateji rəqibi olan Rusiyanı öz tərəfinə çəkməklə bir neçə hədəfə nail olmaq istəyir. İlk növbədə Avropa İttifaqını qorxu altında, nəzarətdə saxlayır, həm də əsas rəqibi Çinə qarşı strategiya tətbiq edir. Çin-Rusiya yaxınlaşmasının önünü kəsməyə çalışır".