Tramp bu məhsullara da rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp idxal olunan yarımkeçirici çiplər üçün yeni tariflər tətbiq etməyi planlaşdırdığını, yaxın gələcəkdə isə smartfon və kompüter kimi texnoloji məhsulların da bu tariflərə daxil edilə biləcəyini bildirib.
Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, ilk mərhələdə bu məhsullar tariflərdən çıxarılmışdı. Lakin Tramp milli təhlükəsizlik və istehsalın ölkəyə qaytarılması səbəbilə bu qərarda dəyişiklik edilə biləcəyini vurğulayıb.
ABŞ-nin Ticarət naziri Hovard Lutnik isə önümüzdəki iki ay ərzində Çin mənşəli texnologiya və dərman məhsullarına yeni tariflər tətbiq olunacağını bildirib.
Yarımkeçirici sektoru artıq yeni milli təhlükəsizlik araşdırmasına daxil edilib.
Trampın daim dəyişən tarif siyasəti ABŞ maliyyə bazarlarında ciddi dalğalanmalara səbəb olub. S&P 500 indeksi onun prezidentliyə başladığı gündən bəri 10%-dən çox dəyər itirib. Bir çox investor və siyasətçi tariflərin iqtisadi sabitliyə zərər verə biləcəyini bildirib.
Digər tərəfdən, Çin də cavab olaraq ABŞ mallarına tətbiq etdiyi tarifləri 125%-ə qaldırıb və ABŞ-ın texnoloji məhsullara dair son istisna qərarlarını qiymətləndirdiyini açıqlayıb. Hökumət rəsmiləri Çin istisna olmaqla bir sıra ölkələrlə tarif danışıqları aparıldığını və yaxın 90 gün ərzində bir neçə ölkə ilə razılaşma əldə olunacağına ümid etdiklərini deyiblər.