Əgər danışıqlar nəticə verməsə, daha ciddi tədbirlərin həyata keçirilmə ehtimalı böyükdür
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi vasitələrdən istifadə edə biləcəyini söyləyərkən tam ciddidir.
Bu barədə Pentaqonun rəhbəri Pit Heqset "Foks Nyus"a müsahibəsində deyib.
O bildirib ki, Tramp İranın nüvə silahına malik olmasının qarşısını almaq fikrində ciddidir.
Politoloq Sultan Zahidov “Sherg.az”a bildirib ki, Donald Tramp prezidentliyə gələn kimi İranla bağlı mövqeyini açıq şəkildə bildirmişdi:

“Donald Tramp fevralda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə bir daha bəyan etdi ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır. Həmçinin buna görə İrana qarşı maksimum şəkildə təzyiq kampaniyası həyata keçirəcəyini söyləmişdi. Görünən odur ki, Tramp İranın nüvə silahı əldə etməsində maraqlı deyil. Çünki İranın nüvə silahı əldə etməsi onu regionun qüvvətli gücünə çevirəcək. Bu isə Amerikanın Yaxın və Orta Şərq maraqlarıyla ziddiyyət təşkil edir. Eyni zamanda burada İsrailin təhlükəsizliyi faktoru da yer almaqdadır. Tramp İsrailə yaxınlığı ilə seçilən siyasətçidir. Hətta Netanyahu Trampı Amerika tarixində İsrailə ən yaxın ABŞ prezidenti adlandırmışdı. Bütün bunların fonunda ötən həftə Omanda İran və ABŞ arasında dolayı yolla vasitəçilərin iştirakı ilə danışıqların şahidi olduq. Sözügedən danışıqlar İran və ABŞ tərəfindən konstruktiv kimi dəyərləndirildi. Danışıqların növbəti mərhələsi ilə gələn həftənin şənbə günü baş tutacaq. Tramp ilk növbədə diplomatiya yoluyla nüvə məsələsini həll etməyə çalışır. Əgər danışıqlar nəticə verməsə, daha ciddi tədbirlərin həyata keçirilmə ehtimalı böyükdür. İsrail İranın nüvə obyektlərinə zərbələr endirilməsini istəyir və burada Amerikanı vasitəçi kimi görür. Qeyd etmək lazımdır ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri İranda beynəlxalq səfərdə olacaqlar. Onların səfəri ABŞ İran danışıqlarının kontekstini müəyyənləşdirəcək. Danışıqların davam edib-etməyəcəyi bundan sonra bilinəcək”.