
Suveyda qanlı toqquşma: İsrail Dəməşqə hücumla Trampın Suriya planına qarşı çıxdı
İsrail və Dəməşqin qaranlıq oyunları Bakıdan əvvəl başladı
İsrailin Suriyanın cənub bölgələrinə endirdiyi son hava zərbələri regionda təhlükəsizlik və siyasi balans baxımından mühüm müzakirələrə səbəb olub. Rəsmi Təl-Əviv bu addımı əsasən sərhədyanı ərazilərdə təhlükəsizlik risklərinin artması və Druz icmasının müdafiəsi ilə əlaqələndirir. Eyni zamanda, İranın Suriyadakı hərbi iştirakına qarşı önləyici tədbirlər kontekstində də bu əməliyyatlar qiymətləndirilir. İsrailin bölgədəki sabitliyə yönəlik narahatlıqları onun milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir. Suriya tərəfi isə bu əməliyyatları ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirir və beynəlxalq hüququn pozulduğunu bildirir. Hadisələr fonunda Türkiyə də daxil olmaqla digər regional aktorların mövqeləri və maraqları məsələyə əlavə ölçülər qazandırır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən son hadisələri şərh edərkən deyib ki, İsrail hüquq, qayda-qanun tanımayan gözüdönmüş terrorçu dövlətdir: "Bugünkü mərhələdə regionun problemi İsrailin təcavüzkarlığı ilə əlaqəlidir. Bu vəhşilik, soyqırımı heç vaxt unudulmayacaq. Regionu xaosa sürükləmək üçün hər şeyi edir. 58 min fələstinli şəhid oldu, 138 mindən çoxu yaralandı. Bütün bunlar azmış kimi İsrail özbaşınalığını Suriyada da göstərir". Ərdoğan əlavə edib ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü Türkiyə üçün prioritet məsələdir və ölkənin parçalanmasına əsla icazə verilməyəcək. Türkiyə Müdafiə Nazirliyi də məlumat yayıb ki, tələb olunduğu təqdirdə Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və terrorizmlə mübarizəsini dəstəkləmək üçün hər cür dəstək veriləcək. Nazirlik sözçüsü bildirib ki, Suriyadakı son hadisələr və İsrailin Suriyaya hücumları ilə bağlı Türkiyənin mövqeyi aydındır: "Bizim məqsədimiz ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş təhlükəsiz, sabit və güclü Suriyadır. İsrailin Suriyaya hava hücumları bölgədə sülh və sabitlik istiqamətində atılan addımları təhlükə altına qoyur".
Azərbaycan da Suriyada baş verən prosesləri yaxından izləyir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə Bakının dəstəyini bir daha ifadə edib: "Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir".
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, İsrailin Dəməşqə hücumu böyük tabloda Tramp Administrasiyasının Suriya planına qarşı atılmış addım kimi görünür. Ekspertin sözlərinə görə, Vaşinqtonun Suriyanın bütövlüyünün qorunması mövqeyindən çıxış etməsi və Türkiyənin bu ölkədəki zamin rolunu tanıması Təl-Əvivdə qəbul olunmur:

"Hərçənd, ABŞ-nin hərbi-siyasi rəhbərliyində də İsrailin mövqeyini paylaşan qruplar var. İsrail Suriyada fərqli perspektivdən çıxış edir. Ölkənin federallaşması, ən yaxşı halda İraq modelinin Suriyada tətbiq edilməsi və mərkəzi hakimiyyətin zəif nəzarət mexanizmlərinə malik olması deməkdir. Ancaq belə bir perspektiv bölünmə riskləri də vəd edir. Təl-Əviv İraq modelindəki Suriyanı “təhlükəsizlik prinsipləri”nin tərkib hissəsi kimi görür. Əks təqdirdə, qeyri-müəyyən gələcəkdə İran təhdidinin yenidən aktuallaşacağını, müəyyən gələcəkdə isə din mərkəzli yeni regional gücün təhdid yarada biləcəyini hesab edirlər, xüsusilə Türkiyə amili fonunda. Əsədin devrilməsi ilə Suriyada İranın boşalan yerini Türkiyənin doldurması İsrail üçün arzuolunmaz nəticələr yaratdı. Lakin hər şey bununla da bitmədi. Tramp Administrasiyasının Suriya hakimiyyətini dəstəkləməsi arzuolunmaz nəticələri gücləndirdi. PKK-nın silahı buraxması Suriyada PYD\YPG kartını da ciddi ölçüdə zəiflədir və çıxılmaz perspektivlər vəd edir. Bu nəticələr fonunda İsrailin druz kartından istifadə etməsinin iki mümkün hədəfi var. Birincisi, druzların muxtariyyətinə nail olmaq, bununla Suriyanın federallaşması presedentini yaratmaq, ikincisi, druzlardan Dəməşqin yeni hakimiyyəti ilə arasında bufer kimi istifadə etmək, Əsədin gedişindən sonra ələ keçirdikləri əraziləri de-fakto legitimləşdirməkdir. İstisna deyil ki, Əhməd əş-Şara ilə Bakıda danışıqlar aparan İsrail rəsmilərinin cari tələbləri arasında bunlar olub. Bu danışıqlardan sonra Dəməşqin bombalanması razılaşmanın olmadığı ehtimalını önə çıxarır".
Analitik qeyd edib ki, burada ən önəmli nöqtə Suveyda vilayətində druzlarla bədəvilər arasında toqquşmanın Bakı görüşündən öncə başlamasıdır:
"Səbəb-nəticə məntiqi bu qarşıdurmada maraqlı olan İsraili təşkilatçı qismində də göstərir. Lakin əş-Şara hakimiyyətinin bədəvilərlə druzların toqquşmasını bölgəyə müdaxilə etmək və mərkəzi nəzarəti gücləndirməkdə fürsət kimi gördüyü faktı da diqqət çəkir. Bu baxımdan, Suveyda toqquşmasında hər iki tərəfin - Təl-Əvivin də, Dəməşqin də maraqları vardı, yaxud hər iki tərəf baş vermiş qarşıdurmanı öz xeyrinə çevirməyə çalışdı. Nəticə hər iki tərəf üçün qeyri-müəyyəndir. Suriyada lokal toqquşmalar və İsrail hücumlarının kölgəsində danışıqlar prosesinin çıxış yolu kimi önə çıxacağı gözlənilir. Bu halda Bakının dialoq mərkəzi rolu daha da güclənə bilər. Danışıqlarda nəticə əldə etməyin çətinliyi olsa belə, təmas xətlərinin saxlanılması Suriyada iştirakçı ölkələrdən olan Azərbaycan üçün də önəmlidir".