ABŞ Dövlət Departamenti Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı kampaniya başlayıb

ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) "ABŞ-nin suverenliyinə yaratdığı təhdidi" aradan qaldırmaq məqsədilə bu quruma qarşı genişmiqyaslı kampaniyaya başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bəyanatda bildirilib ki, kampaniya hökumətin bütün strukturlarını əhatə edəcək və sistemli şəkildə BCM-nin fəaliyyət imkanlarını məhdudlaşdırmağa, onun ABŞ hərbçilərini və vəzifəli şəxslərini hədəfə almasının, eləcə də ABŞ-nin suverenliyinə hər hansı formada təhdid yaratmasının qarşısını almağa yönələcək.

Qeyd olunub ki, nəzərdən keçirilən tədbirlər sırasında BCM əməkdaşlarının ABŞ vizalarının ləğvi, onların ölkəyə girişinə qadağa qoyulması, həmçinin məhkəməyə və onunla əlaqəli qurumlara qarşı sanksiyaların genişləndirilməsi də yer alır.

Bundan əlavə, Vaşinqton digər ölkələri BCM ilə əməkdaşlıqdan çəkinməyə çağırmağı planlaşdırır. ABŞ, həmçinin xəbərdarlıq edib ki, ölkənin yardımından faydalanan dövlətlərin BCM ilə əməkdaşlığını da nəzərə alacaq.

Qeyd edək ki, Donald Tramp administrasiyası bundan əvvəl də bir neçə dəfə BCM-yə qarşı sanksiyalar tətbiq edib. Tramp 2025-ci il fevralın 6-da BCM-nin vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb. ABŞ hökuməti məhkəməni Vaşinqtona və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.