ABŞ Avropada yerləşən əlavə F-16 və F-35 qırıcılarını Yaxın Şərqə göndərmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniyadan F-16 qırıcıları, Böyük Britaniyadan isə beşinci nəsil F-35 qırıcıları Yaxın Şərqə istiqamətləndirilib. Bununla yanaşı, bölgəyə əlavə havada yanacaq dolduran təyyarələr də göndərilir.
Nəşr qeyd edir ki, bu addım ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatları yaxın vaxtlarda genişləndirə biləcəyinə dair növbəti siqnal kimi qiymətləndirilir.
Hazırda əlavə döyüş təyyarələrinin hansı ölkələrdə yerləşdiriləcəyinə dair dəqiq məlumat yoxdur. Bildirilir ki, yanacaq dolduran təyyarələrin bir hissəsinin İsraildəki aviabazalara göndərilməsi gözlənilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu imzalansa da, ABŞ iyulun 8-də İranı Hörmüz boğazı ilə bağlı öhdəlikləri pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri yenidən bərpa edib.