Müharibə və qarşıdurmaların artdığı bir dövrdə sülhün qorunması və dialoqun təşviqi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə Rusiya-Ukrayna münaqişəsi son illərin ən diqqətçəkən hadisələrindən biri olaraq artıq beşinci ilinə qədəm qoyur və regional deyil, qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu müharibənin ədalətli və davamlı sülhlə sona çatmasının vacibliyini dəfələrlə vurğulayıb. Eləcə də sülhə gedən yolun açılması üçün Türkiyənin hər cür məsuliyyəti daşımağa hazır olduğunu bəyan edib.
Prezident Ərdoğan bu dəfəki çıxışında dövlətlər arasında fikir ayrılıqlarının təbii olduğunu, lakin bu ziddiyyətlərin həllində əsas yolun müzakirə və diplomatiyadan keçdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə dostluqları artırmağı, dialoq yolu ilə nəticə əldə etməyi və regional təhlükəsizliyin təmin olunması üçün üzərinə düşən rolu yerinə yetirməyi əsas məqsəd kimi görür. Bu yanaşma Türkiyənin xarici siyasətində sülh, uzlaşma və diplomatiyanın mərkəzi yer tutduğunu bir daha nümayiş etdirir.
Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru, türk tarixçi Ali Satan Sherg.az-a açıqlamasında Türkiyənin xarici siyasətinin əsas prinsipinin “Yurdda sülh, dünyada sülh” olduğunu vurğulayıb:

"Türkiyə hər zaman qarşıdurmanı deyil, uzlaşmanı, müharibəni deyil, sülhü seçməyi və təşviq etməyi özünə şüar edib. Suriya vətəndaş müharibəsi zamanı ən çox humanitar yardım göstərən və milyonlarla suriyalıya qucaq açan ölkə Türkiyə olub. Bu gün də Suriyanın daxili və xarici sabitliyinə ən böyük dəstəyi verən məhz Türkiyədir. Xatırlatmaq istəyirəm ki, İsrail-Fələstin münaqişəsində də Türkiyə uzun müddət vasitəçilik edib, tərəflərin görüşməsi üçün zəmin yaradıb. Rusiya-Ukrayna müharibəsində isə Türkiyə ilk gündən iki qonşusu qarşısında bitərəf mövqe tutduğunu bəyan edib və münaqişənin dayandırılması üçün ən yüksək səviyyədə diplomatik təmaslar qurub. Antalya Forumu və İstanbul prosesi çərçivəsində ciddi irəliləyişlər əldə edildi. Bu danışıqlar nəticəsində Putin-Zelenski görüşməsi ilə müharibə başa çatmaq üzrə ikən bəzi Avropa dövlətlərinin prosesə müdaxiləsi sülhə mane oldu və müharibə daha da şiddətləndi".
Analitik Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin başladığı sülh prosesini də Prezident Ərdoğanın dəstəklədiyini bildirib:
"Ərdoğan həm Putini, həm də Trampı Türkiyəyə dəvət etdi. Türkiyənin bu konstruktiv, müsbət və sülh yönümlü mövqeyi bütün tərəflərə yaxşı məlumdur. Bütün səylərə baxmayaraq, sülhün hələ də təmin olunmaması təəssüf doğurur. Hər gün insanlar ölür, yaralanır və müharibənin gətirdiyi çətinliklərlə mübarizə aparmağa davam edirlər. Liderlər məsuliyyət götürərək bu müharibəyə son qoymalıdırlar. Prezident Ərdoğan məsuliyyətli dövlət xadimi kimi prosesə töhfə verməyə çalışır və sülh naminə hər zaman hazır olduğunu bir daha bəyan edir. Ümidimiz yeni ildə yeni müharibə və qarşıdurmalar deyil, ədalətli və davamlı sülhün bərqərar olmasıdır".