Almatıda transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri saxlanılıb

Qazaxıstanın Daxili İşlər Nazirliyi (DİN) transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərini saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan mediası DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Departamentinin nümayəndəsi Kuandık Alpısa istinadən məlumat yayıb.

Bildirilib ki, hər şey İstanbulda tapança ilə güllələnərək öldürülən Qazaxıstan vətəndaşının qətlindən başlayıb. Qazaxıstan, Gürcüstan və Türkiyə polislərinin birgə işi sayəsində cinayətin icraçısı olan 2 nəfər saxlanılıb.

"Cinayət işinin istintaqı gedişində qətlin motivi, həmçinin transmilli cinayətkar mühitin nümayəndələri olan və beynəlxalq axtarışda olan təşkilatçısı və sifarişçisi müəyyən edilib. Əldə edilmiş məlumatlar transmilli mütəşəkkil cinayətkar qruplaşma üzvlərinin Qazaxıstan ərazisində törətdiyi digər cinayətlərin üstünün açılmasına kömək edib", - o bildirib.

Almatıda 2025-ci ilin avqustunda şəhər sakininə qarşı sui-qəsd cəhdi edən qruplaşmanın killerlərindən biri saxlanılıb.

"Hazırkı faktla bağlı istintaq yekunlaşıb, cinayət işi məhkəməyə göndərilib. Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan və Türkiyədən olan həmkarlarla qarşılıqlı əlaqədə transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərinin saxlanılması üzrə mərhələli xüsusi əməliyyat keçirilib. Almatı şəhərində silah tətbiq etməklə bir neçə hücum faktının törədilməsində iştirakda ittiham olunan adıçəkilən kriminal strukturun üzvlərindən ibarət bir qrup şəxs saxlanılıb", - məlumatda qeyd edilib.