Qəzza müharibəsinə baxmayaraq İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakına icazə verilməsindən sonra İrlandiya, İspaniya, Sloveniya və Hollandiya müsabiqəni boykot edəcəklərini açıqlayıb.
Teleqraf xəbər verir ki, qərar Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında İsrailin iştirakı ilə bağlı ayrıca səsvermənin keçirilməməsindən sonra qəbul olunub.
EBU-nun yaydığı bəyanatda bildirilir ki, üzvlərin böyük əksəriyyəti əlavə səsverməyə ehtiyac olmadığını və Avroviziya-2026-nın əlavə təhlükəsizlik mexanizmləri ilə plan üzrə keçirilməli olduğunu hesab edib. Yeni qaydaların lehinə nümayəndələrin 65 faizi səs verib, 23 faizi əleyhinə çıxıb, 10 faizi isə bitərəf qalıb.
Qərardan sonra İrlandiya yayımçısı "RTE" bəyan edib ki, 2026-cı ildə müsabiqədə iştirak etməyəcək və yayımlamayacaq. Kanal Qəzzada baş verənlər fonunda İrlandiyanın iştirakını “absurd və qəbuledilməz” adlandırıb. İspaniyanın "RTVE" şirkəti də eyni mövqeni sərgiləyərək Vyanada keçiriləcək yarımfinal və finalın yayımlanmayacağını açıqlayıb və qərarverici mexanizmi “yetərsiz” adlandırıb. Hollandiyanın "Avrotros" də açıqlayıb ki, mövcud şəraitdə müsabiqədə iştirak təşkilatın ictimai dəyərləri ilə uzlaşmır.
Sloveniyanın milli yayımçısı "RTVSLO" isə Avroviziyada iştirakın sülh, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə zidd olduğunu bəyan edib. Buna baxmayaraq, "BBC" gələn il müsabiqəni yayımlayacağını bildirib. Almaniyanın "SWR" yayımçısı da yarışmada iştirak edəcəyini təsdiqləyib.
İspaniyanın mədəniyyət naziri boykotu açıq şəkildə dəstəkləyib və mədəniyyətin sülh və ədalətin yanında olmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Avroviziya-2026 Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. İsrail isə 1973-cü ildən bəri müsabiqədə iştirak edir və dörd dəfə qalib olub. Buna baxmayaraq son illər İsrailin iştirakı Qəzza münaqişəsi səbəbilə ciddi etirazlarla qarşılanır.