Dünyada son beş ildə silah ticarəti 9,2% artıb

2021–2025-ci illərdə dövlətlər arasında əsas silah növlərinin ixracı və idxalının həcmi 2016–2020-ci illərlə müqayisədə 9,2% artıb.

APA xəbər verir ki, bu, “Stockholm International Peace Research Institute” (SIPRI) tərəfindən dərc edilən qlobal silah ticarətinin vəziyyətinə dair yeni hesabatda öz əksini tapır.

Bu sahədə alışları üç dəfədən çox artıran Avropa ölkələri ən böyük silah alıcısı regiona çevrilib.

Dünyanın ən böyük silah tədarükçüsü olan ABŞ-ın ümumi ixracı 27% artıb. Bu ölkənin Avropaya ixrac 217% yüksəlib.

Hesabata görə, qlobal silah axınındakı artım 2011–2015-ci illərdən bəri ən böyük artım hesab olunur.

Əksər hallarda bu artım Ukrayna və digər Avropa ölkələrinə silah tədarükünün çoxalması ilə bağlıdır. Çünki 2021–2025-ci illərdə Ukraynanın payı ümumi həcmin 9,7%-ni təşkil edib.

Hesabatda qeyd olunur ki, Avropa və ABŞ istisna olmaqla, dünyanın digər bütün regionlarında silah idxalı azalıb.

2021–2025-ci illərdə əsas silah növlərinin beş ən böyük ixracatçısı ABŞ, Fransa, Rusiya, Almaniya və Çin olub.

Həmin dövrdə ən böyük beş alıcı ölkəsi isə Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və Pakistan olub.