Ərdoğan: Türk xalqının 15 iyuldakı cəsarəti dünya demokratiya tarixində bənzərsizdir

“Türk siyasi tarixinin ən amansız çevriliş cəhdlərindən biri bundan düz 10 il əvvəl – 15 iyul 2016-cı ildə baş verdi. Ölkəmizin qurumlarına gizlicə sızmış bir terror şəbəkəsi tərəfindən törədilən bu çevriliş cəhdinin məqsədi Türkiyəni uzun illər davam edəcək bir xaosa sürükləyərək xalqımızın gələcəyini nəzarət altına almaq idi”.

APA xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı yazdığı məqalədə öz əksini tapıb.

Onun sözlərinə görə, “Türk xalqının 15 iyul gecəsi meydana qoyduğu uzaqgörənlik, cəsarət və fərasətin şübhəsiz ki, dünya demokratiya tarixində bənzəri yoxdur”.

“Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən törədilən bu xain çevriliş cəhdi adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkəmizin müstəqilliyini təhdid edən bir işğal cəhdi idi. Qiyamçıların ilk hədəfi milli iradənin və xalqımızın müstəqilliyinin simvol qurumları olan Prezident Aparatı və Türkiyə Böyük Millət Məclisi oldu. 15 iyul gecəsi verdiyim açıqlamada bu günə qədər xalqın gücündən üstün heç bir qüvvə tanımadığımı xüsusi vurğulamışdım. Bu açıqlamanı verərkən türk xalqının öz iradəsinə sahib çıxacağına əmin idim. Beləliklə, elə həmin gecə böyük bir iman və özünəinamla küçələrə axışan xalqımız terror şəbəkəsinin hökmranlığı altına girməyi rədd etdi. Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları yerinə oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, beynəlxalq əməkdaşlığın mühüm şərtlərindən olan terrorla mübarizə xarici siyasət gündəliyinin yuxarı sıralarında yer almağa davam edir: “Məlum olduğu kimi, FETÖ-nün xaricdəki fəaliyyətində təşkilatdaxili parçalanma prosesi son iki ildə sürətləndi. Bununla yanaşı, bir çox dövlətin bu təşkilata gizli şəkildə dəstək və təşkilat üzvlərinə sığınacaq verməsi faktlarını dəqiqliklə müəyyən etdik.

15 İyul gecəsi 253 övladı qiyamçılar tərəfindən şəhid edilən bir xalq olaraq beynəlxalq ictimaiyyətdən əsas gözləntimiz Türkiyənin haqlı mübarizəsinə dəstək verilməsidir. Qlobal sülh, təhlükəsizlik və rifah yalnız ayrı-seçkilik qoyulmadan terror təşkilatlarına qarşı qətiyyətli və güzəştsiz mübarizə və səmimi əməkdaşlıq ilə təmin oluna bilər”.