"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı

 Knessetdə qondarma “erməni soyqırımı” ilə bağlı səsvermə dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” israilli rəsmiyə istinadla məlumat yayıb.

“Bu addım regionun İranın Körfəz bölgəsində davamlı hücumlarından sonra əldə olunmuş atəşkəsin pozulması səbəbindən yenidən gərginləşdiyi həssas diplomatik dövrdə atılıb. Bu, həmçinin ötən həftə Türkiyədə keçirilən NATO sammitindən sonra baş verib. Həmin sammitdə Ankara ABŞ Prezidenti Donald Trampı Türkiyəyə Amerikanın F-35 qırıcı təyyarələrinin satışını bərpa etməyə çağırmışdı.

İsrail Nazirlər Kabineti ötən ay Türkiyə ilə Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt bəyanatları fonunda münasibətlərin sürətlə pisləşməsi səbəbindən bu hadisələrin soyqırım kimi tanınmasına dair təklifi yekdilliklə təsdiqləmişdi. Təklifin qüvvəyə minməsi üçün İsrail parlamentində yekun səsvermənin keçirilməsi planlaşdırılırdı”, - məlumatda bildirilib.

Vurğulanıb ki, Knesset həftənin sonunda yay tətilinə çıxacaq və oktyabrın 27-də keçiriləcək milli seçkilərə qədər fəaliyyət göstərməyəcək.

Ötən ay Nazirlər Kabinetində bu təklifi irəli sürən İsrailin xarici işlər naziri Gideon Saarın sözçüsü mövzu ulə bağlı göndərilən mesajlara cavab verməyib.

Məlumatda o da bildirilib ki, ötən ay Azərbaycan İsrail Nazirlər Kabinetinin bu qərarını pisləyərək hökuməti onu geri götürməyə çağırmışdı.

“Dünyəvi şiə müsəlman ölkəsi olan Azərbaycan həm Türkiyə, həm də İsraillə tarixi əlaqələrə malikdir və uzun illərdir ki, bu iki müttəfiqi arasında vasitəçi rolunu oynamağa çalışır. Azərbaycanın mövqeyi İsrail üçün həm əhəmiyyətli, həm də həssasdır.

Üç il əvvəl Azərbaycan tarix yazaraq İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsi oldu”, - məqalədə vurğulanıb.

Əlavə edilib ki, parlament səsverməsinin dondurulması iki ölkə arasında (Türkiyə və İsrail) regional gərginlik fonunda münasibətləri yumşaltmağa yönəlmiş beynəlxalq səylərin bir hissəsi kimi qiymətləndirilə bilər.