Macarıstan hökuməti prezidentlə birgə şəkil çəkdirməkdən imtina edib

Macarıstanın yeni hökumət üzvləri ölkə Prezidenti Tamaş Şuyokla birgə foto çəkdirməkdən imtina ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Peter Madyar açıqlama verib.

“12 mayda parlamentdə hökumət üzvləri təsdiqləndikdən sonra ənənəyə uyğun olaraq prezidentin rəsmi iqamətgahı olan Şandor sarayına gedəcəyik. Biz Tamaş Şuyokdan nazirlərlə birgə şəkil çəkdirməməyi qəti şəkildə xahiş etdik. Əks halda həmin fotoları sonradan retuş etmək lazım gələcək”, - deyə Madyar bildirib.

Baş nazir qeyd edib ki, daha əvvəl prezidentin 31 maya qədər könüllü istefa verməsini istəyib. Onun sözlərinə görə, Şuyok əvvəlki hökumətin siyasi, ictimai və maliyyə sahələrində yol verdiyi pozuntuların qarşısını almayıb və buna görə postunda qalmağa haqqı yoxdur.

Məlumata görə, prezident Tamaş Şuyok hələlik ittiham və istefa çağırışlarına münasibət bildirməyib.

Keçmiş Baş nazir Viktor Orban və onun rəhbərlik etdiyi “FİDES – Macarıstan Vətəndaş İttifaqı” partiyası isə prezidentə dəstək verib. Onlar hesab edirlər ki, yeni hökumətin bu tələbi təhlükəli presedent yaradır və ölkə konstitusiyasına ziddir.

Qeyd edək ki, Macarıstan qanunvericiliyinə əsasən prezident parlament tərəfindən 5 il müddətinə seçilir. Tamaş Şuyok 2024-cü ildə dövlət başçısı seçilib. Hazırda ölkədə onun müdafiəsi üçün imza kampaniyasına başlanıldığı bildirilir.