Tramp: İranlılara çatdırın ki, hazırlaşsınlar

ABŞ Prezidenti Donald Tramp İranın Natanz şəhərində yerləşən nüvə obyektinin yenidən bombalana biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Tramp amerikalı radio aparıcısı Hyu Hyuitə müsahibəsində danışıb.

ABŞ lideri İran ətrafındakı vəziyyəti şərh edərkən Vaşinqtonun Natanzdakı nüvə obyektinə qarşı yenidən hərbi əməliyyat keçirə biləcəyini bildirib.

“Biz bunu edəcəyik. “Kirk dağı”nı yerlə-yeksan edəcəyik. İranlılara çatdırın ki, hazırlaşsınlar”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-də “Kirk dağı” ifadəsi Natanz yaxınlığında yerləşən nüvə müəssisəsinə istinad kimi işlədilir. Bəzi Amerika dairələri İranın həmin obyektdə fəaliyyətini yenidən bərpa etdiyini iddia edir.

Xatırladaq ki, 2025-ci ilin iyununda Donald Trampın göstərişi ilə ABŞ Silahlı Qüvvələri İranın İsfahan, Natanz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinə genişmiqyaslı hava zərbələri endirmişdi.