Trampdan İrana hədə: “Silahlarımız hazırdır və atəş açmağa hazırıq”

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etirazlarla bağlı sərt açıqlama verib. O, “Truth Social” platformasında paylaşım edərək bildirib ki, əgər İran hakimiyyəti dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, ABŞ müdaxilə edəcək: “Silahlarımız hazırdır, atəş açmağa hazırıq.”

Sherg.az xəbər verir ki, İrandan cavab gecikməyib. Yüksək vəzifəli iranlı rəsmi Əli Laricani Vaşinqtonun İranın daxili işlərinə qarışmasının bütün regionda sabitliyi poza biləcəyi barədə xəbərdarlıq edib. O, İranın Livan, İraq və Yəməndəki bəzi qruplara dəstəyini xatırladıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə bildirib ki, “Əgər Vaşinqton macəraya atılarsa, bölgədəki ABŞ hərbi bazaları legitim hədəf olacaq.”

Qeyd edək ki, İranda 28 dekabrdan etibarən yüksək inflyasiya və iqtisadi problemlər səbəbilə etiraz aksiyaları başlayıb, təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində itkilər qeydə alınıb və aksiyalar ölkə miqyasında yayılıb.