Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə cəbhədəki cari vəziyyəti və Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə müharibəni dayandırmağa məcbur edəcək strategiyanı müzakirə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində məlumat verib.
V. Zelenski ukraynalı hərbçilərlə görüşərək cəbhədəki vəziyyət və döyüşlərin gedişatı barədə məruzələri dinləyib.
Prezident hazırda əsas məqsədin Ukrayna üçün ləyaqətli sülhə və etibarlı təhlükəsizlik təminatlarına nail olmağa imkan verəcək gələcək strategiyanın müəyyənləşdirilməsi olduğunu vurğulayıb:
"Bu strategiyanın müxtəlif tərkib hissələri var. Müdafiə və təhlükəsizlik qüvvələrimizin komandirlərinin bu məsələyə baxışını eşitmək mənim üçün vacibdir. Sabah mühüm görüşlərim olacaq. Ukrayna öz məqsədlərinə çatmalıdır və mütləq çatacaq".
Dövlət başçısı əlavə edib ki, Ukrayna rəhbərliyi növbəti addımlarla bağlı qərarları məhz hərbi komandanlığın mövqeyini nəzərə alaraq qəbul edəcək.