«Belə oğullar lazımdı… Vətənpərvər, ziyalı, dövlətçiliyimizi sevən, dövlətçiliyimizi qorumaq üçün canından keçə bilən oğullar. Rəşad belə oğuldu».
Məmməd Araz
Söhbətin kimdən gedəcəyi indidən bəlli oldu yəqin... Ancaq mən sürprizləri sevən insanam. Elə haqqında söhbət açacağım qəhrəmanım da, sən demə, sürprizləri çox sevir... Oxucunu da, barəsində yazdığım adamı da bir az intizarda saxlamaq istəyirəm. Bu dəfə ənənəmi pozuram. Olsun... Bilirəm ki, gözəl şairimız Məmməd Araz kimi və onlarca dəyərli insanların dediyi sözlərdən sonra mənim işim çətin olacaq. Ancaq yenə ürəyimdən keçənləri deməyə çalışacağam...
Uzun illər Azərbaycandan uzaqda yaşamışam. İndi də uzaqda yaşayıram. Amma əvvəllər bu məsafə uzaqlığı həm də ədəbi uzaqlıq idi - mən onilliklər boyu təkcə ədəbiyyatdan deyil, həm də ölkəmdəki ədəbi mühitdən uzaq düşmüşəm. Son on ildə vətənimə daha çox gəlib-gedirəm, kitablarım çap olunur, eyni zamanda sosial şəbəkələr də fiziki məsafələri yox edib, fiziki məkan anlayışını dəyişib.
Artıq üzünü gerçək həyatda görmədiyim nə qədər insanı virtual tanıyır, izləyirəm, bəziləri ilə münasibətlərimiz, ərkimiz, dostluğumuz qurulub. Bəziləri ilə ədəbi-publisistik münasibətlərimiz yaranıb, bəzilərini uzaqdan da olsa, izləyir, maraqlanıram.
Amma ədəbi mühitlə arama girən o onilliklərin təsiri hələ də çəkilməyib. Məsələn, o qədər müasirim var ki, heç tanımıram. Ya da ədəbi mühitdə elə ulduz adlar var ki, iyirmi il əvvəl gənc, bu gün orta yaşlı olan ədəbi nəsil gözlərini açandan onları tanıyır, amma mən təzə-təzə tanış oluram...
Buna görədir ki, ədəbi mühitdə hamının az qala uşaqlıqdan tanıdığı Rəşad Məcidi, cəmi bir neçə ildir ki, tanıyıram. Mən köhnə adamlardanam, hələ də birini yaxşı tanımaq üçün başqalarından soruşan, soraqlayan insanam. Bu həm də ondan irəli gəlir ki, mən təkcə öz sezgilərimə deyil, həm də başqalarının fikrinə, qənaətinə inanan biriyəm...
Rəşad müəllimin onilliklərdir rəhbərlik etdiyi "525-ci qəzet"lə əməkdaşlığa başlayanda da, başqalarından onun necə insan, necə qələm adamı olduğunu soraqlamışdım. Mən qürbətçi yazaram, vətənində yaşayan, vətənindən güc alan arxayın yazıçıların rahatlığı yoxdu məndə. İstənilən münasibəti daha həssas, daha ağrılı qəbul elədiyimə görə necə insanlarla işləyəcəyim mənə vacib idi.
Rəşad müəllim barədə mənə etirazçı, heç kimi bəyənməyən yazıçılardan tutmuş, ədəbi mühitin ağsaqqallarına qədər çox adam müxtəlif şeylər danışdı. Amma fikirləri, dəyərləri bir-birindən yerlə-göy qədər seçilən bu adamların hamısının təsvirində eyni orta xətt keçirdi...
"Rəşad müəllim mərd adamdı. Heç kimə pislik eləməz, eləmək istəməz. İstedadlı adamlara qarşı paxıllığı yoxdu, əksinə, kimdəsə işıq görsə, çalışar ki, əlindən gələn köməyi eləsin. Rəşad müəllim qələm adamına ancaq istedadına görə qiymət verər, o adamın fikirləri, mövqeyi onun üçün əhəmiyyətli olmaz. Rəşad müəllim tənqidə açıq adamdır, dünən onun haqda tənqid yazan adamın bu gün əlini sıxar, o adamla çörək kəsər, kin saxlamaz. Rəşad müəllim əlində olan imkan qədər istəyər kiminsə yolunu açsın".
Bu sözləri az qala hamı təkrarlamışdı. Mənə maraqlı gəldi, Rəşad Məcidin bioqrafiyasını oxudum, ağız uçuqladan saysız mükafatların, adların, səfərlərin, təqdimatların, ölkələrin, yəni ömür boyu uğurla addımladığı ədəbi karyerasının nəticəsi deyilmiş bu yücə könüllülük, bu açıq ürəklilik, bu əlibolluq, bu kinsaxlamazlıq, bu alicənablıq. Ən sadə, ən təməl şeylərdən gəlirmiş.
Mən cəmiyyətin də, ortamın da, tərbiyənin də insan xasiyyətinə göstərdiyi təsirə inanıram. Amma psixoloqlar deyir ki, insanın mahiyyəti uşaqlıqda, əsas da yeddi yaşına qədər gördükəri, öyrəndikləri, yaşadıqları ilə formalaşır. O yaşa qədər nə görübsə, necə görübsə, o gördükləri insanın əsas xəmirini yoğurur.
Rəşad Məcid kifayət qədər imkanlı ailədən gəlib. Yaxınlarının, onu tanıyan insanların dediyinə görə, uşaqlıqdan pulun, maddiyyatın içində olub. Ədəbiyyata, publisistikaya da sırf sevgisindən gəlib. Yaxşı bir iş adamı, biznesmen olmaq imkanına sahib ikən, sözü, ədəbiyyatı seçib. Yazıya, kitaba, şeirə heç vaxt imkan, pul qazanmağa gedən yol kimi baxmayıb, səmimi bir sevgi ilə sevib sözü, qələmi, ədəbiyyatı...
Onun yaradıcılığına və həyat tərzinə yaxından bələd olan Tahir Aydınoğlunun dedikləri: "Rəşad Məcid özü-özünü yetirib yüksəltmiş insandır. O, maddi təminat içərisində doğulub böyüsə də, maddi varidata yox, mənəvi zənginliyə təşnəliklə yaşayıb və irəli gedib. İstedadlı və zəhmətkeşdir. Açıq və işıqlı şəxsiyyətdir. Vətən sevgisi və ictimai fəallığı onu ikiqat yüksəldir. Daim çoxluğa qarışmaq həvəsi ilə çalışır.
Onun iki böyük uğuru var. Birincisi, ilk demokratik nəşrlərdən biri olan “525”i azad, xəlqi və elitar nəşrə çevirib bugünədək yaşatmaq, media tariximizdə xüsusi yer tutan qəzet kimi məşhurlaşdırmaq. İkincisi, jurnalistikanı ədəbi aləmlə qovuşdurub öz fəaliyyətində yeni bir keyfiyyətə çevirmək.
Bir sözlə, Rəşad Məcid qələmlə mübarizə meydanında yaxşı nə varsa, Böyük Zərdabi demiş, onun “qədərinin müruri-zamanla çoxaldılması”na xidmət edən yaradıcı xadimdir. Xalqın və dövlətin, eyni zamanda hörmət və rəğbətini qazanmaq çox az adama qismət olur. Rəşad Məcid bu azlıqda zənginlik qazanıb – mənəvini maddiyyata çevirməyi bacarıb".
Məncə, onun istedadlı insanlara, sözü bilənlərə, sözü dəyərli olanlara sevgisi, böyük qardaş, ata qayğısı da məhz burdan gəlir - ədəbiyyat sevgisindən!
Hər zaman ata yeri, böyük qardaş əvəzi, ümid yeri olasınız, Rəşad müəllim! Hərəsi bir dəyərə, fikrə inanan o qədər fərqli insanların ortaq nöqtəsi olmaq, bu qədər insanın sevgisini qazanmaq asan şey deyil. Ədəbiyyatın bu kövrək balalarına göstərdiyiniz münasibətə görə çox sağ olun!
Ulduz Qasım,
Yazıçı-publisist,
Moskva