Cəlil Cavanşir: Aqşini tənqid edirlərsə, bunu müsbət qarşılamaq lazımdır

Cəmiyyətin şairdən, yazıçıdan qəhrəmanlıq gözləməsi normaldır

“Çünki,  kütlə həmişə qəhrəman axtarışındadır. Aqşini də qəhrəman kimi görmək istəyirlər. Belə baxanda hər iki tərəf haqlıdır”


Şair Aqşin Yeniseyin sosial şəbəkədə yazdığı status geniş ictimai müzakirəyə səbəb olub.  Rəyərlə  fikirlər haçalanıb. Bir çoxları şairin fikirlərini sərt tənqid etsə də, onunla həmrəy olan insanlar da az olmayıb. 
Son vaxtlar məruz qaldığı tənqidlərə  “facebook” vasitəsilə cavab verən şair  belə deyib :
-Tez-tez haqqımda ordan-burdan belə bir zırrama ittiham eşidirəm ki, guya, mən hər evnə artıq mistikləşdirilmiş anlayışlar olan haqsızlığa, ədalətsizliyə qarşı səsimi çıxarmadığım üçün bir qəpiklik insan və yazıçı, şair deyiləm. Və bunu mənim qorxaqlığıma bağlayırlar. Çünki gerizəkalıdırlar!” Bu sözləri şair Aqşin Yenisey sosial media hesabında yazıb. 

A.Yenisey hesab edir ki, yaradıcı şəxslərin boynuna haqsızlıq, ədalətsizlik mücahidi olmaq öhdəliyini qoyan marksizm ideologiyası idi. Nə qədər ki, lideral dəyərləri müdafiə edən institutlar formalaşmamışdı bu sosial missiya sözü hər evə, hər kəsə çata bilənlərin boynuna yüklənmişdi:
“Elə ki, haqq və hüquqları müdafiə edən institutlar formalaşdı Qərbdə yaradıcı adamların haqsızlıqdan, ədalətsizlikdən dəm vurması yaradıcılığa dəxli olmayan havayı pərəstişkarları ovlama hiyləgərliyi kimi qələmə verildi. 
Yazıçı, şair haqq və hüquq müdafiə edəcəksə, Novella Cəfəroğlu nə iş görəcək? Minlərlə vəkil nəyə lazım olacaq? Yüzlərlə qeyri-hökumət təşkilatlarının yanan barmağa nə faydası toxunacaq?Ümumiyyətlə, bu gün haqq və hüquqların beşiyi olan ölkələrin yazıçı və şairləri qlobal siyasətin törətdiyi haqsızlıq və ədalətsizliyə belə biganədir. Yalnız Türkiyə kimi solçuluğu siyasi pop, romantik nazimizm kimi yaşayan ölkələrdə qalıb yazıçı, şair çegeavaralığı. Bunun ən yaxşı nümunəsini Alberto Manquel yazıb "Borxesin evində" kitabında. Dörd il kor Borxesə kitab oxuyan Manquel yazır ki, Argentina və dünya siyasi olaylarla dağılırdı, Borxes Nil pələngləriylə maraqlanırdı.  Müasir dünyada sənət, sənəti maraqlandıran mövzularla məşğul olmalıdır. Hətta iki dünya müharibəsində əli qana batan bir ölkənin yazarı Herman Brox XX əsrin əvvəlində bunu daha konkret bir deviz halına salmışdı: "Roman romana lazım olanı kəşf etməlidir".    
Azərbaycanda nə baş verir? Öz mətninin gücüylə oxucuların diqqətini çəkə bilməyənlər insan topaları axtarırlar ki, onların gündəminə qahmar çıxıb özlərindən bu topalar üçün əziz-girami düzəltsinlər. Bu gün Azərbyacan yazıçı və şairi üzünə ya bir dindar, ya bir müxalifətçi, ya bir "qanuni-oğru", ya da bir meyxanapərvər maskası taxıb havayı pərəstişkar dilənməklə məşğuldur. (Hamısı deyil əlbəttə.) 
Ona görə ortada hər cür dəyəri olan əsər var, ədəbi dəyəri olandan başqa...
Qorxmağa gəlincə, Azərbaycan yaradıcı insanının qorxduğu elə vahiməli fiqurlar, dəyərlər var ki, siyasi hakimiyyət onlarla müqayisədə muştuluqdu. 
Və bu illər əzrində biz gördük ki, siyasi hakimiyyəti tənqid edənlərə Azərbaycanda cəzadan çox nəyinsə muştuluğunu verirlər”.
A
qşini ən çox tənqid edən gənclərdən biri də yazar Orxan Saffaridir. Paylaşıma laqeyd qalmayan gənc yazar Aqşin Yeniseyin sözügedən  paylaşımına əks mövqe sərgiləyib. Onun fikrincə belə məsələlərdə ortaya qəsdən siyasəti atmaq, söhbəti çox pis burmaqdır, xal qazanmaqdır:
 “Amma yenə dəbirmənalı siyasi mövqe qoymaqdır.Azərbaycanda siyasətə qarışmamaq deyəndə müxalif mövqedə olmamaq başa düşülür. Əgər şəxsən sən siyasətə qarışmırsansa, o zaman iqtidarın yanında nə edirsən? Elə bilirsən ki, mövcud hakimiyyətin yanında dayanmaq siyasi mövqe deyil? Əlbəttə, belədir və bu da heç problem deyil, əslində. Narahat olma, qınadıqların da müxalif deyil, nə də səni qınayanların əksəriyyəti. Məsələ daha çox sənin ədəbi cəbhəndir, mövqeyindir.
Belə çıxır, düşünürsən ki, ədəbi mühitin hamısı xain, paxıldır, birdən-birə heç kimin gözü səni götürmədi?
Sən onsuz da, dediyin haqq və hüququ müdafiə etməmisən heç vaxt. Bu şeyləri sizin nəsil içində hardasa Seymur Baycana demək olar, çünki içinizin söz deyəni bir az o olub. Odur ki, qoy, Novella xanım işini görsün, sən heç nə deməsən də olar.Məsələ, sənə qarşı olan iradlar, şəxsən mənim iradım ədəbiyyat müstəvisindədir ki, bunu da yaxşı başa düşürsən, amma qəsdən söhbəti dəyişirsən , guya başa düşmədin və bilirsən ki, heç kim sənə heç nə deyə bilməyəcək.
Narahat olma, bu məsələdə elə aşağı-yuxarı hamımız sənin kimi düşünürük. Hansımız birmənalı müxalifik ki?Üstəlik, bütün bunlardan ziyadə bir vətəndaşlıq borcu da var. Ola bilməz ki, səni ölkədə heç nə narahat etməsin. Yoxsa belədir? Hər şey gözəldir və sənin zərrə narazılığın yoxdur nədənsə?Deyim ki, belə olanda adam öz ölkəsində turist olur”.

Rauf Hacıyev adlı istifadəçi isə deyib ki, 70 il pambıqçını, mexanizatoru Sosialist əməyi qəhrəmanı kimi, müğənnini mədəniyyət, şairi, yazarı da ziyalı adamlar kimi irəli çəkib parlamentdə oturtduq deyə başımıza gəlməyən qalmadı:
“Ən iyrənc bir şey varsa o da yazarın siyasətlə məşğul olmasıdır. Yazar düşüncəsi ilə siyasətçi düşüncəsi uzlaşmır. Sənət adamını sənətdən kənarda üç şey gözləyir. Ölmək, ölmək, bir də ölmək.Bir də bizim cəmiyyət elə bilir ki, kimsə yazardırsa mütləq ziyalıdır. Həmin şəxsdə bir ideallıq axtarır. Mən yazıçı və şairlərin çoxunu şəxsən tanıyıram. Vallah elələri var ki, heç adam cərgəsində durulası biri deyil.
Rasim Balayev kinoda Nəsimi, Babək, Beyrək obrazını canlandırıb deyə həyatda da həmin şəxsiyyətlər kimi olmalıdır deyə bir şey yoxdur.
Müğənnilərin, xanəndələrin də əksəriyyətini tanıyıram. Gözəl səsi olanlar var. Muğamda qəzəllər oxuyub bizi ağladırlar. Həyatda söhbət edəndə görürəm ki, poeziyadan anlayışı belə yoxdur.Şəxsiyyət də, ziyalı da tamam başqa anlayışdır”.

Jurnalist Şəfəq Mehrəliyeva isə Aqşin Yeniseyin fikirlərinə Con Kennedidən gətirdiyi sitatla həmrəy olub: 
"İncəsənətin mədəniyyətimizin köklərini qidalandırmasını istəyiriksə, cəmiyyət sənətkarı baxışlarının arxasınca getməkdə azad buraxmalıdır. Biz heç vaxt unutmamalıyıq ki, incəsənət təbliğat növü deyil, həqiqətin bir formasıdır... Sənətkar xalqına ən yaxşı xidməti öz həqiqətinə xidmət etməklə göstərir”.

Əməkdar jurnalist Mirşahin Ağayev isə hesab edir ki, paylaşım çox mübahisəli, ziddiyyətli, bir az da məsuliyyətsiz yanaşmadır:
“Bəlkə belə düşünmək daha çox etinasızlıq, “mənənəvarlıq”, “nəveciməlik” kimi hisslər aşılayır. Əlbəttə, Borxesdən də, Manqueldən də sitat gətirmək olar. Amma bizim poetik şüurumuz Vətənə yalnız “yarın səri kuyi olduğuna görə, üç dəfə “Vətənimdir, vətənimdir, vətənim!” deyən Məhəmməd Füzuliyə düzlənir. Ən böyük insan haqqı, vicdan, söz azadlığı da elə Sevgidədir. Sevgi isə ədəbi-bədii xilqətin nüvəsidir. Mən də qaragüruh “ziyalısının”, dünyaya sevgidən yox, uşaq pulundan övlad gətirmək aşılayan çənə, boğaz instrumentalistlərinin-yeri gəldi-gəlmədi, bədii tarlada aqrar təsərrüfat işi görməli olanlardan Mandelalıq tələb etməsini bəyənmir, hətta şiddətlə qınayıram. Amma xalqın, ölkənin, bütün cəmiyyətin məsələn, bu gün Böyük Qayıdış prosesinin vintciyi, təkərciyi olmağa borclu olduğu bir zamanda ədəbi mühitin yeni “Nənəmin tütün kisəsi” axtarışlarını, yaxud “kipriyini ver, iynə saplayım!” deyə mənasız müraciətlərini sadəcə sarsaq həpəndizm hesab edirəm. Xüsusilə o halda ki, özünü bədii-ədəbi sahənin zəhmətkeşi sayanların demək olar ki, 99 faizi dövlətin yaxasından yapışıb və “sən o yanındakı gözəl qız!” deyə kömək diləyir. Ola bilsin ki, Aqşinin fikri əlahiddə götürülmüş bir sahə üçün keçərlidir, amma bu düsturu başqa yazarlar, tutaq ki, rəhmətlik atasının əsasına şeir həsr edib əvəzində dövlətdən prezident təqaüdü umanlar, yaxud kitabını AYB-nin niyə nəşr etmədiyini soruşanlar öz tənliklərinə müncər etmək istəsələr, necə?( Bu gün insan haqqına münasibət bildirməkdən öz kraxmallı köynəyinin boğazlığını qorumaq naminə(birdən çirklənər deyə) imtina edənlərin əlinə bəlkə əlavə bəhanə verməyək!? Bəlkə əksinə: tələb edək ki, konkret mövqe bildirsinlər!? 
Nə bizim meşələrdə pələng var, nə də Borxes üçün kitab oxuyan Manquel… Olmayacaq da. Çünki bizdə məsələn, Dəniz var, Qoca var, qocalar var… elə o dənizin sahilində dama-dama pijamada domino çırpırlar. Amma “Qoca və dəniz” yoxdur. Çünki bundan ötrü Azərbaycanda yalnız dənizin və qocaların olması çox azdır. Əlavə KİMSƏ də lazımdır…”

Yazıçı, şair haqq və hüquq müdafiə etməlidirmi sualı ilə bağlı “Sherg.az”a açıqlama verən  yazar Cəlil Cavanşir isə  deyib ki, əgər gənclər Aqşini tənqid edirsə, bunu müsbət qarşılamaq lazımdır: 
“Deməli gənclik yuxuda deyil, ancaq "bəh-bəh" demir, öz şairinə, yazıçısına heyranlıqla baxmır. Aqşinin bu məzmunlu statusunu oxudum. Onu da başa düşürəm. Xeyli vaxtdır ki, cəmiyyətdə canlanma yaratmağa, fərqli fikirlərlə insanları maarifləndirməyə çalışır. Yaxşı olar ki, Aqşini tənqid edənlər onun gördüyü müsbət işləri də dəyərləndirsin. Cəmiyyətin şairdən, yazıçıdan qəhrəmanlıq gözləməsi normaldır. Çünki,  kütlə həmişə qəhrəman axtarışındadır. Aqşini də qəhrəman kimi görmək istəyirlər. Belə baxanda hər iki tərəf haqlıdır”.  

Konkret suala gəldikdə isə A.Yenisey deyib ki, yazıçı, şair, sənət adamı haqqın yanında olmalıdır: 
“Hakimiyyəti tənqid etmək prioritet deyil, müxalif yazmağa da ehtiyac yoxdur. Haqqı yazanda, haqlını müdafiə edəndə iş yoluna düşür. Hakimiyyətə qarşı çıxış etmək kimisə haqlı, ədalətli etmir. Hər kəs vicdanının imkan verdiyi həyatı yaşayır və vicdanına uyğun da fəaliyyət göstərir. Bizim cəmiyyət bütöv mənada hələ oxumağı vərdişə çevirib, sonra nə isə tələb edə bilər”.