Prof.Dr. Babək Osman oğlu Qurbanov
(9.06 -1939 – 28.03 - 2019)
Böyük ustadımız Osman qağamızın kəlamını professor övladı, Babək Qurbanovun 85 illik yubileyi üçün yazdığım anım məqaləmə başlıq seçməkdə haqlıyam. Çünki Babək müəllim insanlıq sənətinin ustadı, insaniyyətlik elminin sənətkarı idi. Rəftarı, münasibəti, müdrik elmi fikirləri ilə, xoşməramlı dünya baxışı ilə iz saldı könül dünyamızın çığırına müqəddəs ləpiri ilə. İndi də unuda bilmirəm. Xatırladıqca hey məyus oluram. Necə böyük alimi itirdim?. Türk təbiri ilə necə ülvi insanı “Qeyb etdim?”.İndi də baxa-baxa, axtara axtara ana-ana, yaya-yana qalmışam. Dədə Şəmşirin təbiri ilə “gəzirəm əlimdə şam-çıraq səni”. Çi fayda tapa bilmirəm. Hardasan ay qağa? Öyüdlərinə ehtiyacım çoxdur, dəyərli fikirlərinə möhtacam. Bizi yönləndirdiyin doğru yola istiqamətləndirmənə elə ehtiyacım varki.
Sazım üstə yerin vardır,
Sözüm üstə yerin vardır,
Gözüm üstə yerin vardır,
Ay dayı.
Xəyalımdan getməyirsən,
Gözlərimdən itməyirsən,
Tikan olub bitməyirsən,
Ay dayı.
Səni lütf etdi mərd ana,
Yaşadın mərdi-mərdana,
Çatmısan ali məqama
Ay dayı.
Müdrik sözün ürəyimdə,
Həm arzumda, diləyimdə,
Andım, əhdim, çörəyimdə,
Ay dayı.
Bu nə istəkdir həvəsdir?
Sizi unutmaq əbəsdir?
Ruhumdakı həzin səsdir,
Ay dayı.
Gözüm-gözünə həsrətdir,
Üzüm-üzünə həsrətdir,
Sözüm-sözünə həsrətdir,
Ay dayı.
Bulud kimi çökürəm mən,
Xiffətini çəkirəm mən,
Qəm tumunu əkirəm mən,
Ay dayı.
Nə gözəl günlər var idi,
Bu cahan bizə dar idi,
Allahım bizə yar idi,
Ay dayı.
Dünyanın gərdişi belə,
Öncədən vərdişi belə,
Dönükdür, sirdaşı belə,
Ay dayı.
Görüm düşmənlər zar olsun,
Yurd yuvası tar-mar olsun,
Yek olan bizə yar olsun,
Ay dayı.
Əcəl qələbə çalhaçal,
İşlər yarımçıq qalhaqal,
İlqar xəyala dalhadal,
Ay dayı.
Prof. Dr. Babək Qurbanov və Prof.Dr. İlqar İmamverdiyev
Bir qəndil idin mənim üçün. Zərif nurun, ürəyimdə şölələnəkdədir. İşıq salırdın elm aləminin yolunda. Rövnəqləndirirdin qəlbimi, sevindirirdin könül xanimanımı. Rahatlıq duyurdum cisminlə, canınla, varlığınla, heykəl kimi məğrur duruşunla, qartal kimi sərrast görən gözlərinlə, dərin xəyala dalmış düşüncəli çöhrənlə. Fikir aləminlə bir dağ idin qarşımda, başı sis-dumanlı ərşi əlaya yüksəlmiş “Göyəzən dağı” kimi. Bu dağın seyircisi, zəvvarı idim yaradıcılıInı mütaliə etdkcə. Heyrət edirdim, biliyiə, məfkurənə, geninə, iliyinə. Tövsiyənlə neçə-neçə aşıqdan kitab yazdım ön sözünü qələminlə naxışladın. 6 cild Xalq Mahnılarımızı nota yazdım giriş məqalələrinlə lokomotifləndirdin kitabımı. 2 cild rəqs havalarını dərlədim yenə ön sözünlə mübarək imzanı atdın dahiyanə sözlərinlə. 3 cild muğam rənglərini nota yazdım “Final”da yeni orijinal fikirlərinlə zənginləşdirdin məcmuəmi. Ənənəvi toy gələnəyi ilə bağlı kitabımda da yeni fikirlərinlə dəyərə qaldırdın yazdıqlarımı. Çünki dəyərli insan idin hər kəs üçün. Millət üçün, xalq üçün, Ana Vətən üçün. Yaranışdan belə idin. Bu dünyaya bu xoş məramla gəlmişdin. Əminamanlıq elçisi idin. Hər kəsə əl tutdun, yardım etdin təmənnasız, köməyini heç əsirgəmədin. Mənən zövq alırdın bu işinlə şahidiyəm ay dayı. Bu dünyada o dünya üçün Rəhmət qazandın sağlığında ay qağa. Gah “dayı” dedin, gah “Üzeyir” dedin mənə xitab etdiyin şeirinlə. Görüşümüz müəyyən qədər kəm olan zaman xiffət edirdin, dərdikirdin, təqdim etdiyin şeirinlə keçirdiyin halları duyurdum. Gözün əsl dost axtarırdı, sərraf insan gəzirdin mübarək fikirlərini paylaşmaq üçün. Sən şair Osman oğlu, mən də şair Cəmil oğlu dayımın şeirinə necə cavab verməyim?
ƏZİZİM Üzeyir (İLQAR)
Əzizinəm Uzeyir,
Hara getdin Uzeyir?
Sağa sola baxıram,
Hər sey o hanı deyir.
Tənhalıq cox pis seydir,
İnsan hec tək qalmasın.
Dostlar yox olan zaman
Tenhalıq qəlbi yeyir.
Xos günlər cox olsa da
Bolluq, şadlıq olsa da,
Qəlb fərəhlə dolsa da
Ürək yenə dost deyir.
Uzaqlara qetsən də
Xos günləri seçsən də,
Uzaq gəzmə sən məndən
- Seni sevən bəndədən!
Dostun GURBAN (Babək) dayın
QURBAN DAYIMA CAVAB.
Üzeyirəm ürəkdə,
Ülvi arzu, diləkdə.
Elm yolunda çalışan,
Yorulmayan biləkdə.
Damardayam, qandayam,
Ruhundayam, candayam,
Uzağa getməmişəm,
Dayımın yanındayam
Tənhalığı yıxarıq,
Axırına çıxarıq,
Doğru yola baxarıq,
Şimşək kimi çaxarıq,
Yenə xoş gün çox olar,
Bin-bərəkət çoxalar,
Qəlbim fərəhlə dolar,
Dayımdan ilham alar.
Uzaqlara getmədim,
Genlərində gizləndim,
Xəyalımda izlədim,
Məni sevən bəndəni.
Hey boşalıb doluram,
Fikirlirə dalıram,
Səni yada salıram,
Dayım təki anıram.
Daha üzüm gülməyir,
Yağı düşmən ölməyir,
Dost halımı bilməyir,
Dayım gəlsə gülərəm.
Üzeyirtək adım var,
Ağzımda xoş dadım var.
Qohum, qardaş, yadım var,
Qurban kimi odum var,
Tufan olub əsərim,
“Misri” kimi kəsərim,
“Babək” adlı əsərim,
“Luvur”da bir yerim var.
Axtarıban ananım,
Babək kimi qananım,
Hər dərdimə yananım,
Əyilməz vüqarım var.
Daim zəfərlər çaldım,
“Qurbandan” ilham aldım,
Sazda Koroğlu çaldım,
Dayımla qürurum var.
27.08.2014 saat 14:44 Dostlara Salam Söylə! Sizin Türkiyədəki Üzeyir.
2016-cı ilin 9 iyunda ad günün münasibətinlə qoumun Professor Şəhrəbanu Allahverdiyevanı Sizi təbrik etmək məqsədi ilə telefonla zəng edib dedim. “Böyük qağamızın ad günüdür ay bacı. Babək müəllimi Siz də təbrik edin”. Bu sözümümü tamamlamamış həyəcan qarışıq sevinclə Qazax ləhcəsində dedin ki; “ay qağa heç məni demersən. Mən də 9 iyunda dünyaya gəlmişəm. Bu sözdən heyrətə gəlib anidən qısqanası oldum. Heyrətə gəlib bir anlıq ürəyimdə dedim ki, “9 rəqəmini özlərinə götürüblər. Mənə də 23 rəqəmini vermişlər”. Və beyqafıl bu baməzə şeirim bu cavabın müqabilində yaranmış oldu.
Biri bacı, biri qardaş,
Babək ilə Şəhrəbanu.
Elmimizdə bir cüt yoldaş,
Babək ilə Şəhrəbanu.
Bir gündə qoşa gəldilər,
Hər ikisidə güldülər,
Bir şənlənib, bir güldülər.
Babək ilə Şəhrəbanu.
Doqquzu yarı böldülər,
İşini “iyi” bildilər,
Mən həftə, onlar ildilər,
Babək ilə Şəhrəbanu.
Elə bil acıq verdilər,
Yamanca qıcıq verdilər.
Yeməyə hədik verdilər,
Babək ilə Şəhrəbanu.
Səs salıb qoşa adları,
Heyran edir savadları,
Bir soyadın övladları,
Babək ilə Şəhrəbanu.
Mən qalmışam yana-yana,
Həsəd çəkdim ona-buna.
Biri bəydi, biri sona,
Babək ilə Şəhrəbanu.
Özünə doqquz aldılar.
Məni 23-ə atdılar,
Arzularına çatdılar,
Babək ilə Şəhrəbanu.
Onlar doğma mənsə uzax.
Ayrı düşdüm qaldım yazıx.
El obası Şıxlı, Qazax,
Babək ilə Şəhrəbanu.
Hər ikisi professor,
İnanmırsan özündən sor.
Saz üstündə səslənən xor,
Babək ilə Şəhrəbanu.
Bir-birinin həmsirdaşı,
Haqq-ədalət məhək daşı,
İlqarın cüt arkadaşı,
Babək ilə Şəhrəbanu.
Professorumuz Babək Qubanovla söhbətimiz sırasında bəzən bədahətən yeni fikirlər ortaya çıxırdı. Tövsiyəsi bu idi ki, “bu orijinal fikirlərimizi tez qeyd elə sonra unuda bilərik ay dayı. Qismət olsa kitab yazarıq”. Hərdən də söhbətimiz əsasında hətda gülməcələr də yaranırdı. Mən də kiçik dəftərçəmə qeyd edirdim ki, bu lətifələr ikimizə aiddir. İnşallah münasib bir vaxtda çap etdirərik. Arxivimdə saxladığım bir neçə gülməcələr, 85 yaşının tamam olması ərəfəsində ustadım Babək Osmanoğlunun ruhuna ərmağan olsun.
Gülməcə № 1
«Günlərin birində Babək müəllimin işə bir qədər gec gəldiyini görüb İlqar müəllim Yalçın müəllimə xahiş edir ki, “zəng elə gör niyə gecikir?”. Yalçın müəllim dedi ki, “mən narahat etmək istəmirəm, bəlkə yuxudadır, yatır”. Sonra da sözünə davam edib dedi “dünən zəng etmişdim. Səndən şikəyət etdi ki, yuxunun şirin yerində İlqar müəllim məni yuxudan oyatdı”. İlqar müəllim sözün cavabında dedi ki, “axı mən şirin insanam. Ona görə də yuxunun şirin məqamənda dayıya zəng etməyi daha münasib hesab edirəm”.»
Gülməcə № 2
«Hər zaman İlqar müəllimlə birgə marketə gedən Babək müəllim bəzən hövsələsi çatmadığı üçün ona lazım olan əsas ərzaqların siyahısını verib belə deyir: “Xahiş edirəm aldığın ərzaqların, son kullama tarixinə diqqət yetir”. Birdən tükətmənin zamanı keçər, ərzaq köhnə olub bizi zəhərləyər”. “Son kullanma tarixi” sözü İlqar müəllimin ürəyinə möhkəm həkk olmuşdu. Hər zaman da Babək müəllim üçün alış-veriş edərkən ərzağın tükətim tarixinə xüsusi diqqət yetirirdi.
“Novruz bayramı günlərində Babək müəllim, Xalq şairimiz Zəlimxan Yaqubun Osman Sarıvəlli haqda olan xatirə məqaləsini İlqar müəllimin internet adresinə göndərir. Bu günlərdə İlqarın digər yazı-pozuya başı qarışdığı üçün məqaləni oxumağa vaxt tapa bilmir. Aradan 10 gün keçir. Martin 31-də İlqar müəllim interneti açdıqda Babək müəllimin onun adresinə ünvanladığı məqalə diqqətini çəkir və tezcə açıb oxuyur. Məqalə çox xoşuna gəldiyi üçün telefonla zəng edib Babək müəllimə fikrini və xoş təəsüratını bildirir. Bu zaman Babək müəllim kinayə ilə deyir ki, “bu məqaləni 10 gündür sənə göndərmişəm indimi açıb oxuyursan?” Bu sözün müqabilində vəziyyətdən çıxmaq üçün Babək müəllimə belə cavab verir: “Məqalənin Son kullanma tarixi martin 31-nə kimidir”. Əgər aprelin birinə qalsaydı məqalənin vaxtı keçərdi, köhnələrdi. Deyə cavab verir.»
Gülməcə № 3
«Gazintepin “Sanko xəstəxanası”nın doktoru ilə görüşmək üçün bir ay olar ki, Babək müəllimlə İlqar müəllim məşvərət edirlərmiş. Lakin ora getmək üçün münasib bir vaxt tapa bilmirlər. Bu minvalla aprelin birində bu barədə ortaq bir qərara gəlmək məqsədi ilə İlqar müəllim zəng edir. Telefonu qaldırdıqda İlqar müəllim Babək müəllimin yadına salır ki, dünən qərara gəlmişik ki, bu gün günortadan sonra xəstəxanaya gedək. Babək müəllim getməmək üçün bu dəfə də yeni bir bəhanə tapıb İlqar müəllimə belə cavab verir: “Bu gün aprelin biridir adam aldadılan gündür. İnşaallah sabah gedərik”. İlqar müəllim bu sözün müqabilində belə deyir. “Ay dayı aprel ayının hər günü mənim üçün 1 apreldir”. Babək müəllim həmin anda İlqara: “Düz deyirsən ay dayı onsuz da hamı bizi ilboyu asanca aldadırlar»-deyə cavab verir.»
Gülməcə № 4
«Ərdahan Universitetinin professoru Rövşən Xasayoğlu günlərin birində İlqar müəllimə zəng edir. Və soruşur ki, “nə edirsən?” İlqar müəllim belə cavab verir. “Dayıman söhbət edirəm”. Deyir ki, xoşbəxt adamsan ki, “sənin Babək Osmanoğlu kimi dayın var”. Bu sözün müqabilində İlqar müəllim Rövşən Xasyaoğluna belə cavab verir: “Telefonu veririrəm sən də dayı ilə danış, Dayılan».
Gülməcə № 5
«Günlərin birində Səadət Güvənc adlı aspirant, İstanbuldan elmi rəhbəri İlqar müəllimə zəng edir. Bu zaman Babək müəllim fürsəti qaçırmayıb həyəcanlı, təlaşlı asta səslə İlqara hədə-qorxu gələrək deyir ki, “onun əri var, qorxmursanmı?” Bu sözün müqabilində İlqar müəllim heç halını pozmadan: “Nə olsunki? Mənim də Şəkər adında xanımım var” deyə Babək Osmanoğluna cavab verir».
Azərbaycanın Xalq Şairi, Osman Sarıvəlli ocağının alim övladı, Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanovun 2024-cü il 9 iyunda 85 yaşı tamam olur. Babək Qurbanovun ömür yoluna qısaca nəzər saldıqda aydın olur ki, bu nadir istedadlı şəxs 28 yaşında 1967-ci ildə estetika üzrə “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını, 42 yaşında isə (1981-ci ildə) Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 1985-ci ildə Moskva Ali Attestasiya Komissiyasının qərarı əsasında professorluq diplomu almışdı.
Babək bəy, müxtəlif illərdə çalışdığı ayrı - ayrı qurumlarda (AMEA Fəlsəfə və Hüquq İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ərzurum Atatürk Universiteti, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası) elmi - pedaqoji fəaliyyətlərindəki uğurlu nailiyyətləri ilə fərqlənmişdir. Bir çox ölkələrdə keçirilən (Moskva, Sankt-Peterburq, Kiyev, Donetsk, Varna, Stokqolm, Tiflis, Vilnyüs, İrəvan, Daşkənd, Bakı, Gəncə, Ankara, Bursa, Bolu, Konya, Van, Ərzurum, Qars, Antaliya, Niğdə, İstanbul, Diyarbakır, Sivas, Ankara, Nevşəhər, Şanlı Urfa, Ardahan, Kosova, Makedoniya və s.) otuzadək Beynəlxalq Elmi Konqreslərdə, Simpoziumlarda aktual mövzulu məruzələri ilə elmi cameənin diqqətini çəkən Babək müəllim, yazmış olduğu 700 - dən artıq publisistik və elmi - nəzəri mahiyyətli fundamental əsərlərin (musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsi və s.), müəllifi olması, alimin yaradıcılıq potensialının göstərgəsidir. Yaradıcılığında dünyaca ünlü sənət təmsilçilərinə və örnəklərinə yer vermiş müəllif-Leonardo da Vinçi, Parfenon, Mikel Ancelo, Rafael, Pikasso, Levitan, Lansare, Şişkin, O. Kiprensi, Abdullayev (Özbəkistanın xalq sənətkarı), “Parfenon” və s kimi dünya sivilasiyasına daxil olmuş sənətkarlar və bədii hadisələrlə əlaqədar mövzulara həsr etdiyi məqalələr bunu bir daha təsdiq etməkdədir. Babək Qurbanovun A. S. Puşkin, V.Lermontov, Yesenin, P.İ.Çaykovski, B. Asafyev kimi rus şairlərinin, bəstəkarlarının həyat və yaradıcılığına həsr etdiyi, hətta Azərbaycanın mütəfəkkürləri, ədəbiyyatçıları, şair və yazıcıları barədə silsilə məqalələri də bir daha onun dünyəvi səviyyəli elm xadimi olduğunun göstərgəsidir.
Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin formalaşması və inkişafı yolunda müsbət yönlü, ardıcıl və çoxşaxəli fəaliyyət göstərdiyini fəxarətlə söyləyə bilərik. Hər iki qardaş ölkədə elmi kadrların hazırlanması prosesində Babək Qurbanovun peşəkarlığını qeyd etmək lazımdır. Fərqli elmi araşdırmalar sahəsində çalışan 33 aspirantların dissertasiya işlərinə elmi rəhbərlik etmiş, onların musiqişünaslıq, sənətşünaslıq, musiqi estetikası sahəsinə qədəm qoya bilməsinə imkan saxlamışdır.
Ömrünü elmə, mədəniyyətə, incəsənətə, fəlsəfəyə, ədəbiyyata, estetikaya, etikaya, bəstəkarlığa, musiqi nəzəriyyəsinə, ifaçılıq sənətinə, pedaqoji fəaliyyətə həsr etmiş qüdrətli alim, Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun nurlu xatirəsini 85 illik yubiley məqaləmlə xalqıma çatdıraraq deyirəm. “Fərqli mövzulardakı bəstələrini möhtəşəm ifaçılar hər zaman ifaları ilə səsləndirməklə, tələbən Bəkir Yolaçanın 24 fevral 2016-cı ildə lentə aldığı “Qürbətin musiqisi” adlı yeganə filminlə mənən yaşamqdasan ey ustad!” Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə töhvə etdiyin dəyərli elmi əsərlərinlə hər zaman ehtiramla anılacaqsan. Ana Vətən, xalq, millət üçün təmənnasız xidmət edənləri Vətən, millət, xalq heç zaman unutmaz Babəkim”. Məqaləmin başlığını bir daha təkrar edirəm. “Sənətkaram, sənətkara aşıqəm ay qağa!” “Səni kim unudur?.Könlümüzdə, ruhumuzda, qəlbimizdə ömür sürməkdəsən ay ustad.”
Ruhun şad məkanın cənnət olsun Osmanoğlu Babək müəllim.
PROF.DR. İLQAR CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq elmləri doktoru.
Gaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının professoru,
Türk musiqisinə Xidmət mükafatcısı