Elşad Paşasoy AYB-yə üzv qəbul edildi: Yazıçı Anarın təklifinə Seyran Səxavətdən İLGİNC reaksiya

Jurnalist, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı Elşad Paşasoy Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib.

Musavat.com bildirir ki, publisistika nominasiyası üzrə Birliyə üzv qəbul edilən tanınmış jurnalistə üzvlük vəsiqəsinin təqdimat mərasimi keçirilib.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar AYB-yə üzvlük vəsiqəsini Elşad Paşasoya şəxsən təqdim edərək ona uğurlar arzulayıb.

AYB sədri bu günlərdə 50 illik yubileyi qeyd olunan E.Paşasoya yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

“Təbrik edirəm. Təkcə jurnalistika fəaliyyətində yox, Yazıçılar Birliyi ilə həmrəylik fəaliyyətində də sənə uğurlar arzulayıram”, - deyə Xalq yazıçısı xoş arzularını çatdırıb.

AYB-nin Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu təbriklərini bu şəkildə ifadə edib:

“Mən də təbrik edirəm. Siz ləyaqətli söz adamı, şəxsiyyətsiniz. Söz yazanlar çoxdur, Elşad müəllim. Təşbehlə, məcazla, ibarəli cümlələrlə dolu. Amma ləyaqətli adam az tapılan hadisədir. Çox yaxşı ki, sizin kimi həm həyat yolu ləyaqətli olan, həm qələmi saf olan adamlar Yazıçılar Birliyinin sıralarına qoşulur. Yazıçılar Birliyi müasir Azərbaycan ədəbiyyatının şah damarıdır. Düzdür, bizə haqsız hücumlar olur, haqsız şeylər yazılır. Amma Yazıçılar Birliyinin təəssübünü çəkənlər də az deyil. Siz sözə hörmət edən insan kimi, Azərbaycanın həm klassiklərinə, həm müasir əbədiyyat adamlarına hörmətlə, sayğı ilə yanaşan insan kimi, Azərbaycan Yazıçılar Birliyinə üzv olmağa layiqsiniz. Mən də Qəbul Komissiyası adından sizi təbrik edirəm. Həm də 50 illik yubileyiniz münasibətilə təbrik edirəm. İnanıram ki, Anar müəllimin dediyi kimi, bundan sonra da Yazıçılar Birliyi ilə həmrəylik fəaliyyətiniz uğurlu olacaq və qarşılıqlı faydalı olacaq”.


Böyük yazıçımız Seyran Səxavət Elşad Paşasoyu təbrik edərkən onun üzvlüklə bağlı xeyli tərəddüd etməsindən bəhs edib:

“Mənə zəng vurdu, dedi ki, Anar müəllim tərəfindən belə bir təklif olub. Dedim özünü nəyə dartırsan? O boyda kişi sənə təklif edib, get üzv ol da. (Gülərək) Təbrik edirəm. Səlim bəy düz deyir, səninlə söz arasında həmişə pərdə olub, sən sözlə öz aranda pərdəni götürməmisən. Sözü qul yerinə, mal yerinə, hər şey yerinə işlətmək olmaz. Sözün özünün də şəxsiyyəti, boy-buxunu var. Ona görə də mən səni təbrik edirəm. Səni lap çoxdan tanıyırıq. Özü də özümüzə yaxın kimi tanıyırıq. Yəqin sən də bizə yaxınsan ki, gəlib bura çıxmısan”.



 
Təqdimat toplantısında iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcib də Elşad Paşasoya ürək sözlərini çatdırıb:


“Mən də təbrik edirəm. Adını qəbul olunanlar siyahısında gördüm, çox sevindim. Elşad uzun illərdən bəri Azərbaycan mətbuatında öz səviyyəli müsahibələri ilə çıxış edir. Çox vaxt da publisist yazıları, əbədiyyatla bağlı müsahibələri ilə… Özünün də gənclik illərindən ədəbi yazıları olub, gizlədib, bir az təvazökardır. Bu il 50 yaşı tamam olur. Biz Mətbuat Şurasında da yubileyini keçirdik, ona diplom verdik. Orda da həmkarları onun haqqında çox xoş sözlər dedilər”.

R.Məcid yubiley ilində E.Paşasoyun Yazıçılar Birliyinə üzv qəbul olunmasını mühüm məsələ olaraq qiymətləndirib:

“Bu, Anar müəllim tərəfindən çox yaxşı bir jest oldu. Hesab edirəm ki, bu, Elşad Paşasoyun həm ədəbiyyat, publisistika sahəsindəki fəaliyyəti, həm də Yazıçılar Birliyinə, onun mövqeyinə etibarlı bir münasibətə qarşı jest idi. Ona görə də təbrik edirəm. Anar müəllimə də təşəkkürümü bildirirəm”.

AYB üzvü Elşad Paşasoy etimada, xoş sözlərə, arzulara görə Xalq yazıçısı Anara, həmçinin digər qiymətli iştirakçılara minnətdarlığını bildirib. Qeyd edib ki, o, bu il 90 illik yubileyi qeyd olunan Yazıçılar Birliyini məbəd hesab edir və bu ünvanın hər zaman var olmasını, ədəbiyyat adamlarının ocağı olaraq fəaliyyət göstərməsini arzulayır. E.Paşasoy onun AYB-yə üzv olmasına zəmanət verən dəyərli ədəbiyyat xadimlərinə, yazıçılarına, həmçinin Səlim Babullaoğlunun rəhbərlik etdiyi Qəbul Komissiyasının üzvlərinə də təşəkkürünü ifadə edib.