Leyla Abasova oxuculara çatdırmaq istədiyi əsas məqamlara diqqət çəkib -SÖHBƏT

"Azərbaycan Kitab Tarixi" nəşr olunub
 
 
 Bakı Dövlət Universiteti Redaksiya-nəşriyyat işi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova yeni çap məhsulu olan "Azərbaycan Kitab Tarixi" adlı nəşri barədə "Sherg.az"a açıqlama verib.

 Bununla bərabər, "Mətn Nəzəriyyəsi", "Azərbaycan Dövlət Nəşriyyatının yaranması və fəaliyyəti", "Boz Oğuz" nəşriyyatının yaranması və fəaliyyəti" kimi nəşrlərin müəllifi Leyla xanım sözügedən kitabların ərsəyə gəlməsi, orada bəhs etdiyi mövzu və oxuculara çatdırmaq istədiyi əsas məqamlara da diqqət çəkib:
- Müəllim peşəsi çox məsuliyyətli peşədir. Mən müəllim olaraq fəaliyyətə başlayarkən sahəmlə bağlı bir neçə fənlər təyin olundu və bu fənlər üzrə dövr keçdikcə müxtəlif araşdırmalar, tədqiqatlar etməyə başladım. Sahənin dərinliklərinə endikcə isə artıq bu barədə kitablar yazıb, sahə üzrə təhsil alan, maraq göstərən gənclərə ərməğan etmək istədim. Beləliklə, mənim ilk kitabım "Boz Oğuz” nəşriyyatının yaranması və fəaliyyəti oldu. Daha sonra bu barədə 2011-ci ildə mətbuatda məqalə də çap etdirdim.

- Leyla xanım, niyə məhz "Boz Oğuz" nəşriyyatını seçdiniz? Burada diqqətinizi çəkən hansı məqamlar var idi?
- "Boz Oğuz" nəşriyyatı müstəqillik illəri - 1992-ci ildə yaranan ilk özəl nəşriyyatlarımızdan biri olub və burada əsasən sovetlər dövründə yasaq olunmuş kitabların çapı həyata keçirilirdi ki, bu da mənim diqqətimi çəkən vacib məqamlardan biri idi. Araşdırmalar apardıqca isə gördüm ki, həmin bu qara siyahıya salınmış əsərlərin üzə çıxarılması, axtarıb-tapılması, hətta elə kitablar olurdu ki, onu 70 nüsxədə çap etdirməyə ehtiyac duyulurdu-bunların hər birini nəşriyyat həyata keçirirdi. Sosial-iqtisadi sahədə çətinliyin yaşandığı bu dövrlərdə bunları etmək bir fədakarlıq tələb edirdi. Lakin sözügedən nəşriyyatın rəhbəri Rəhimağa İmaməliyev bunu edə bildi. Nəşriyyat 10 il fəaliyyət göstərib və fəaliyyəti ərzində də ölkəmiz, xalqımız üçün əhəmiyyətli mövzularda kitablar çap edib".

 Növbəti nəşr olan "Azərbaycan Dövlət Nəşriyyatının yaranması və fəaliyyəti"nə gəlincə isə Leyla xanım söyləyir ki, bu, 1920-ci ildə yaranmış universal nəşriyyat olub, bütün sahələr üzrə müxtəlif qəzet, jurnal və kitab nəşrini həyata keçirib: 
"Bu kitab, nəşriyyatın 100 illik yubileyi ərəfəsində ərsəyə gəldi və eləcə də, yubileylə bağlı bir hədiyyə oldu. Düşünürəm ki, kitab tarixi faktlar, arxiv materialları baxımından çox zəngindir, məhz bizim sahə mütəxəssisləri üçün də əhəmiyyətli nəşrlərdən biridir. Digər nəşrim isə "Mətn Nəzəriyyəsi" oldu. Bu nəşr, dərs vəsaiti olub, magistraturada tədris edilir. O, mühüm nəşrlərdən biridir və burada mətn haqqında çox dərin məlumatlar əldə etmək mümkündür. Kitabın ərsəyə gəlməsində Bakı Dövlət Universitetinin sayılıb-seçilən müəllimlərindən, mənim yetişməyimdə müstəsna rolu olan, Redaksiya-nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyevin də əməyi danılmazdır. Kitam Bayram müəllimlə birgə əməyimizin məhsulu olaraq, həmmüəllif çap olub. Lakin çox təəssüf ki, bu gün Bayram müəllim aramızda yoxdur".

 Yeni nəşr olan "Azərbaycan Kitab Tarixi"ndən də bəhs edən Leyla xanım qeyd edir ki, araşdırmalar yenə də davam edirdi və universitetdə müəllim olaraq çalışdığı müddətdə tədris etdiyi ana fənn məhz elə Azərbaycan Kitab Tarixi idi:
 "Fənni məndən öncə fakültəmizdə professor Bayram Allahverdiyev tədris edirdi. Lakin sonralar, kafedrada müəllim olaraq ilk vaxtlardan hələ çalışmağa başlayarkən mənim üçün bu, ana fənn kimi təyin edildi. "Azərbaycan Kitab Tarixi" maraqlı, sahənin sütun fənlərindən biridir. Kitabın ərsəyə gəlməsindən öncə, təbii ki, müxtəlif mənbələrdən bir sıra araşdırmalar edirdim və burada mənə Bayram müəllim də çoxlu məlumatlar verib, istiqamətlər göstərirdi. Elə onun da ən böyük arzularından idi ki, kitab nə zamansa çap olunsun. Təəssüf ki, bu onun vəfatından sonra mümkün oldu. Beləliklə, "Azərbaycan Kitab Tarixi"nin ilk cildi işıq üzü gördü. Burada əlyazmalarımız, kitablarımız haqqında məlumatlar və dövrlər üzrə xəttatlıq sənətimiz, qədim yazılar, əlifbamız, milli qrafikamıza aid üslubda kitab tərtibatı formaları, eləcə də iki böyük abidəmiz olan "Avesta" və "Kitabi-Dədə Qorqud" haqqında zəngin məlumatlar öz əksini tapıb. Hazırda növbəti nəşrlər üzərində çalışılır. Çox güman ki, "Azərbaycan Kitab Tarixi" bir neçə cilddən ibarət olacaq".

- Hər bir müəllifi fikirlərini kağıza qələm almağa sövq edən məqamlar olur. Bilmək istərdim ki, xalqın, kitabçılığın mədəniyyətindən bəhs edən bu kitabı sizə qələmə almağa hansı məqam sövq edib?
- Mən hər zaman, auditoriyada tələbələrə, gələcəyin redaktorlarına dərsim zamanı da onlara söyləyirəm ki, "Dövlətçiliyimizə, tariximizə zərrə qədər xələl gətirəcək əsərlərin redaktəsindən uzaq durmaq lazımdır". Düşünürəm ki, məni də ilhamlandıran məhz Vətənimə olan məhəbbətimdir. Vətənimi, sahəmi, tələbələrimi sevirəm və bu gördüyüm işlərin də hər biri tələbələrim, onların işıqlı gələcəyi üçündür.
 
Aytac Kərimova,
Bakı Dövlət Universitetinin, Jurnalistika fakültəsinin tələbəsi