Vəsaitin baş redaktoru komitə sədri Bahar Muradovadır
Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün "Media və uşaq hüquqları" adlı dərs vəsaiti nəşr edilib. Bu dərslik ən vacib məsələlərdən birinin - insan hüquqları haqqında maarifləndirmə üzrə növbəti vasitədir.
Sherg.az bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan vəsaitin baş redaktoru komitə sədri Bahar Muradovadır.
B.Muradova həm də kitabın ön söz müəllifidir. O bildirib ki, medianın ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətimizdə stereotiplərin aradan qaldırılması və məlumat mübadiləsinin aparılması mühüm rol oynayır.
Həmçinin maarifləndirmə, informasiyanın yayımlanması sahəsində böyük imkanlara və geniş təsir imkanına malik olduğunu vurğulayıb:
“Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə bilik və bacarıqlarının artırılması, internetdən daha faydalı formada iştiraka təşviq edilməsi və mediada fəal təmsilçiliyinin təmin edilməsi bu gün dövlət siyasətində vacib əhəmiyyət kəsb edən məsələlərdən biri kimi yer tutur. Media da uşaq hüquqlarının müdafiəsində və təşviqində, eləcə də cəmiyyətin düzgün məlumatlandırılmasında güclü bir təsir vasitəsidir. Media nümayəndələri nə qədər peşəkar olarsa, ictimaiyyətin də uşaq hüquqlarına olan həssaslığının artmasına mühüm töhfələr verə bilər. Bu baxımdan dərsliyin jurnalistlər üçün bələdçi rolunu oynayacağına və onların düzgün istiqamətlənməsinə yol açaraq mövcud sahədə hədəflərə çatmaqda kömək edəcəyinə inanırıq”.
Qeyd edək ki, uşaq hüquqları üzrə mövzuların mediada işıqlandırılmasında həssaslığın artırılması baxımından mühüm əhəmiyyətə malik dərslikdə müvafiq istiqamətdə mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və videomaterialların yayımlanması və digər aidiyyəti məsələlər üzrə təlimatlar yer alıb. Dərs vəsaiti ali məktəblərin Jurnalistika fakültəsinin tələbələri, media nümayəndələri, jurnalistlər, bu sahədə araşdırma aparan tədqiqatçılar üçün tərtib olunub. Kitabda uşaq hüquqları, onların mediada təmsili, uşaqlar haqqında materialların hazırlanmasında diqqət yetirilməsi lazım olan əsas məqamlar və digər əlaqəli mövzular haqqında nəzəri və praktiki bilgilər verilib.