“Böyüklər sərgiyə gəlimirsə, uşaq kimdən örnək alacaq? Sərgidə bir dövlət strukturundan, bir nazirlikdən, millət vəkilərindən bir nəfər də yoxdur”
“Builki sərgi çox solğundu. Kitab heç kimə lazım deyilsə, o zaman biz niyə onları nəşr edirik?” Bu sözləri “Sherg.az”a açıqlamasında “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib. Sərgi ilə bağlı gözləntilərinin həyata keçmədiyini söyləyən Ş.Xuduoğlu mətbuat konfransındakı çıxışını xatırladıb:
- Mətbuat konfransında Azərbaycanda kitab oxuma səviyyəsinə toxundum. Bildirdim ki, Azərbaycanda təxminən 99% təhsilli əhali var, lakin müntəzəm kitab oxuyanların faizi çox aşağıdır – təxminən 5%-dən az. Hər il təxminən 2,000-3,000 kitab nəşr olunur, lakin hər adama düşən kitab sayı çox aşağıdır. Əslində, Azərbaycanda hər adama düşən kitab sayı təxminən 0.12 kitab, yəni 12 səhifədir. Müqayisə üçün, inkişaf etmiş ölkələrdə adambaşına ildə 5-10 kitab düşdüyü halda, inkişaf etməkdə olan dövlətlərdə bu rəqəm 2-3 kitab civarındadır. İnkişaf etməkdə olan ölkələrdə də oxuma səviyyəsi nisbətən aşağıdır, lakin Türkiyə və Hindistan kimi ölkələr kitab oxuma mədəniyyətini genişləndirmək üçün ciddi təşəbbüslər irəli sürürlər. Məsələn, Türkiyədə adambaşına ildə 8-10 kitab, Hindistanda isə 4-5 kitab oxunur. Bəs biz nə edə bilərik? Kitab oxuma mədəniyyətini cəmiyyətimizə aşılamaq üçün daha çox maarifləndirmə işləri görməliyik. Kitab oxumaq yalnız əyləncə deyil, həm də təhsilin və biliklərin açarıdır. Bu sərgi, kitabları insanlara yaxınlaşdırmaq və kitab oxuma vərdişini geniş yaymaq məqsədi daşıyır. Hər kəsi bu mədəniyyətin bir hissəsi olmağa dəvət edirəm.
Lakin sərginin ikinci günü Şahbaz Xuduoğlu gözləntilərinin reallaşmadığını görüb və təəssüfləndiyini bildirib:
- Builki sərgi çox solğundur. Niyə?.. Kitab ölkənin bir nömrəli əhəmiyyətli məsələsi olmalıdır. Bu dərəcədə əhəmiyyətli bir məsələni məktəblilərin ümidinə qoymaq olmaz. Uşaqlara böyüklər nümunə olmalıdır. Böyüklər sərgiyə gəlimirsə, uşaq kimdən örnək alacaq? Sərgidə bir dövlət strukturundan, bir nazirlikdən, millət vəkilərindən bir nəfər də yoxdur. Dövlət buna dırnaqarası baxırsa, o zaman biz niyə sərgi təşkil edirik, niyə bu kitabları nəşr edirik?!. Mən çox təssüf edirəm.